İncəsənət əsərlərinə hücumları ilə gündəmə gələn və Britaniyada mənzillənən “Just Stop Oil” (“Sadəcə, yanacağı dayandırın”) ekoaktivistlər hərəkatı bu dəfə Londonda ictimai binaları hədəfə alıb.
Ekoloqlar qrupu qalıq yanacaqdan istifadəyə etiraz olaraq Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin, Daxili Kəşfiyyat Xidmətinin (MI5), İngiltərə Bankının və Xəbərlər Korporasiyasının qərargahını narıncı rəngə boyayıb.
Xatırladaq ki, üç həftə öncə “Just Stop Oil” ekoloji hərəkatının üzvləri London Milli Qalereyasında holland rəssamı Vinsent Van Qoqun “Günəbaxanlar” tablosuna qarşı vandalizm etmişdilər. Şüşə ilə mühafizə edilən məşhur tablonun üzərinə tomat şorbası atılmışdı.
“Təbiət, yoxsa incəsənət daha dəyərlidir? Niyə onu qorumursunuz?”, – deyə qışqıran eko-aktivistlər bu hərəkətləri ilə milyonlarla insanın aclığına, qışın çətin olacağına, insanların isinmək və yemək arasında seçim qarşısında qalacağına diqqət çəkmək istədiklərini bildiriblər.
Tablo zərər görməsə də, üzərindəki şüşənin təmizlənməsi üçün bir müddət nümayiş üçün qapadılmışdı.