“Azərxalça” ASC 2021-ci ilin iyulunda “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi elan etmişdi. Müsabiqəyə qatılan 60-dan çox gənc sırasından 15 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılıb. Nəzəri və praktik təlimlər bir ay davam edib. Hər iştirakçı kiçikölçülü xalça çeşniləri ərsəyə gətirib. Onların içərisindən seçilən dörd nümunə əsasında xalçalar toxunub.

Noyabrın 3-də “Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimat mərasimi keçirilib.

Mərasimdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov layihə haqqında məlumat verib. Bildirib ki, münsiflər tərəfindən seçilən 15 nəfər “Azərxalça”nın bölgələrdəki müəssisələrinə baş çəkib, emalatxanalardakı yaradıcı heyətlə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər və tanınmış xalçaç-rəssamı Eldar Mikayılzadədən ustad dərsləri alıblar.

Qeyd olunub ki, toxunan xalçalar müsabiqədən xatirə kimi “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq.

Sonra kolleksiyaya daxil olan xalçalar haqqında müəlliflərin özləri məlumat veriblər.

Birinci yerin qalibi Fidan İlham “Zəfəri bizə gətirənlər” xalçasının ideyası haqqında danışıb: “Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Toxuduğum xalçada Qarabağ atlarının timsalında mübarizlik və döyüşkənlik ştrixlərini əlaqələndirməyə çalışmışam”.

İkinci yerin qalibi Aytac Ələkbərlinin yaratdığı “Dəmir yumruq” xalçası da maraqla qarşılanıb. O, deyib: “Mən hazırladığım xalçada zəhmətkeş arıları PUA kimi təsvir etmişəm. Xalçadakı buludlar hər zaman səmadan döyüşə hazır vəziyyəti əks etdirir. Ocağı qoruyan əllər isə Şəhidlər xiyabanındakı “Əbədi məşəl”dir”.

Üçüncü yerin qalibi Təhminə Məmmədova toxuduğu “Dönüş” xalçası haqqında danışıb: “Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsasən verdim. Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyüşçülərdir. Eyni zamanda alov təmizlənmə mərhələsinin işarəsidir...”.

Xalçaçı Maya İbadlı isə sosial şəbəkələrin nəticələri üzrə qalib seçilib. Müəllif bildirib ki, Azərbaycanın cənnət guşəsi Qarabağa, alınmaz qala olan Şuşaya neçə illik həsrətdən sonra atdığımız addımı “Cənnətə giriş” adlı xalça-kompozisiyasında əks etdirib.