Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən 2-ci Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan da geniş heyətlə təmsil olunur. Azərbaycan filmləri festivalın həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer alıb.

Festival çərçivəsində noyabrın 4-də “Türk dünyası Kino zirvəsi” keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.

Rüfət Həsənov iştirakçıları Azərbaycanın kino sektorundakı yeniliklərlə tanış edib. O, Mədəniyyət Nazirliyinin dəstəyi və Türkiyənin “Bozdağ” film şirkətinin iştirakı ilə birgə istehsalatda olan “Vətən müharibəsi” 8 bölümlük serial, Özbəkistanla müştərək nəzərdə tutulmuş “Molla Nəsrəddin və ya çətin günlərimin dostu” bədii film layihələri haqqında məlumat verib. Daha sonra Azərbaycan Film Komissiyası – “Filming Azerbaijan” haqqında videoçarx nümayiş olunub.

Türkdilli ölkələrdən gələn kinematoqrafçılar ortaq əməkdaşlıq üçün film layihələrini təklif ediblər. Rejissor və prodüser Elməddin Alıyev “Nargin” adlı bədii-sənədli film layihəsinin, Ramil Ələkbərov “Qarabağ” futbol klubu haqqında “30 mövsüm səfərdə” adlı 3 seriyalı sənədli film layihəsinin təqdimatını keçirib.

Tədbirdə, həmçinin gələn il 100 ili tamam olacaq “Azərbaycanfilm” Kinostudiyası haqqında ətraflı məlumat verilib, videoçarx nümayiş olunub. Sonda bütün iştirakçılar 2023-cü ildə Şuşada keçiriləcək III Dədə Qorqud Türk Dünyası Festivalına dəvət olunub.