Vətən müharibəsində tarixi qalibiyyətin ikinci ildönümü və 8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən “Zəfər sədası” musiqi festivalı təşkil edilib.

Noyabrın 5-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Zəfər sədası” festivalı çərçivəsində tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Vətən müharibəsinin tarixi önəmindən danışıb. Qeyd edilib ki, Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Bu Qələbəni Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və veteranların iştirak etdiyi tədbir Dövlət Uşaq Filarmoniyası istedadlarının konsert proqramı ilə davam edib. Tədbir çərçivəsində “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işləri də sərgilənib.