Şair Davud Nəsib anadan olmasının 80 illiyində yad edildi

 

Deyirlər ki, peyğəmbərlərdən sonra Allaha yaxın olan şairlərdir. Çünki şairləri də Tanrı seçir, onlara xüsusi istedad payı əta edir. Xalqımızın belə seçilən simaları içərisində Davud Nəsib imzası da var. O, şairliyi belə tərənnüm edirdi:

Elimizi bir gün, üç gün anmırıq,
Özümüzü ondan ayrı sanmırıq,
Korun-korun kül olmuruq, yanmırıq.
Sönəndə də ulduz kimi sönürük,
Biz şairik – ya gec, ya tez dinirik,
Torpaq olub, bu torpağa dönürük.

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax rayonunda dünyaya göz açmışdı. Anası İnsan xanımın həzin, kövrək laylaları, bayatıları onun ruhunu oxşadı, müharibədən qayıtmayan atasının nisgili isə elə uşaq yaşlarından onun əbədi dərdinə çevrildi. İlk şeiri 1956-cı ildə Qazaxda nəşr olunan “Qalibiyyət bayrağı” qəzetində çap edildi. “Mənim doğma çayım – mənim Kür çayım” adlı bu şeiri Davudu yaşıdlarından fərqləndirdi, yaşlıların diqqətini cəlb etdi. 1959-1963-cü illərdə BDU-da ali təhsil aldı. Həmin illərdən öz istedadını gərgin zəhmətlə qovuşduraraq fəal şəkildə ədəbi mühitə qoşulan Davud Nəsibin yaradıcılığı zənginləşdi, rəngarəng çalarlar aldı. 1966-cı ildə şairin “Gözüm səni axtarır” adlı ilk kitabı işıq üzü görür.

O, ədəbiyyatımıza şair, yazıçı, publisist və tərcüməçi kimi dəyərli töhfələr verib. Onun macar şairi Miklos Radnetinin “Yaralı ağılar” şeirlər kitabını tərcümə etməsi Azərbaycan və macar ədəbi mühiti üçün mənəvi körpü oldu. Ədəbi materiala diqqət, sevgi 1978-80-ci illərdə onu Macarıstana da çəkib aparmışdı. Beləcə, dünya ədəbiyyatından da bir neçə bədii tərcümənin müəllifi olan Davud Nəsibin əsərləri müxtəlif illərdə və müxtəlif məkanlarda nəşr olunur. 1974-cü ildə Moskvada “Sovetski pisatel” nəşriyyatında nəşr edilmiş “Anama məktublar”, 1981-ci ildə “Ocaq daşları” kitablarının adını çəkə bilərik.

Davud Nəsib yaradıcılığının ümumi mənzərəsi onun “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Ümid qatarı”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir”, “Ata laylası” şeirlər kitablarında, “Cavanşir”, “Cavanşirsiz məmləkət” və daha neçə-neçə əsərlərdə əksini tapıb.

O, bədii yaradıcılıqla yanaşı, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində, “Ədəbiyyat və İncəsənət” qəzetində işləyərkən də elm və incəsənət xadimlərinin hörmət və rəğbətini qazanıb.

Bütün bunlar Davud Nəsibin vətənə və sənətə olan sədaqətinin, sevgisinin ifadəsidir. Bu fikri şair özü belə nəzmə çəkib:

Vətən məhəbbətli, vətən ünvanlı,
Bir ürək döyünür köksümün altda.

2003-cü il martın 26-da qəfil bir qəzada Davud Nəsibin məhəbbətlə vuran ürəyi susdu. O, cismən sevdiklərindən və onu sevənlərdən ayrıldı. Ruhən isə həmişəyaşardı. Çünki şairlər ölmür, talelərə, qəlblərə köçərək əbədi yaşayırlar. Davud Nəsib də belə əbədi ömrün sahibidir.

Təbii ki, xalqımızın belə seçilən simaları, söz, sənət sahibləri daim xatırlanır, yad edilir. Davud Nəsibin xatirəsinə həsr olunan tədbirlərdən biri bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında keçirildi. Bu da təsadüfi deyil. Davud Nəsib poeziyasında musiqidən bəhs edən məqamlar olduğu kimi, musiqi dünyamızda da şairin poeziyası öz əksini tapıb. Bəstəkarlarımız onun şeirlərinə musiqinin bir neçə janrında müraciət ediblər. Xalq artisti, professor Firəngiz Əlizadə 1980-ci illərdə Davud Nəsibin şeirləri əsasında xor və simfonik orkestr üçün “Oda” əsərini yazıb və bu əsər ulu öndərimiz Heydər Əliyevin də diqqətini cəlb edərək yüksək mükafata layiq görülüb.

Azər Rzayev, Ramiz Mirişli, Telman Hacıyev, Əfsər Cavanşirov, Mobil Babayev, Firəngiz Babayeva və başqa bəstəkarlarımız da Davud Nəsibin şeirlərinə gözəl melodiyalar əsasında yaddaqalan, unudulmaz mahnılar bəstələyiblər. “Qızlar yaman göyçəkdir”, “Sevənlərə gül verin”, “Gəl, əzizim!”, “Məhəbbətin olaram”, “Məhəbbətin adları”, “İşimiz avand olsun”, “Analara etibar edin” və daha neçə-neçə mahnıların adını çəkə bilərik. “Musiqi” adlı mahnının mətnində isə Davud Nəsibin musiqi sevgisi və musiqi duyumunu Mobil Babayev öz melodiyası ilə çox gözəl tərənnüm edib. Bu və ya digər mahnılar unudulmaz sənətkarlarımız İslam Rzayev, Baba Mahmudoğlu, Gülağa Məmmədov, Xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev və başqalarının ifasında səslənərək lentə alınıb. Həmin mahnılardan biri də bəstəkar qəlbli Xalq rəssamı Ağəli İbrahimova aiddir. “Gözüm səni axtarır” adlı bu nəğmə də yaddaqalan xoş melodiyaya malikdir. Bu mahnılar müasir ifaçıların da repertuarında səslənir. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən xatirə gecəsində də həmin mahnılardan bir neçəsini Əməkdar artist Nuriyə Hüseynova və Sərxan Bünyadzadə tarzən Mehman Mikayılov və kamança ifaçısı Cahandar Mikayılovun müşayiəti ilə ifa etdilər.

Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xatirə gecəsinin məhz bu məkanda keçirilməsinin bir vacib əhəmiyyətini də vurğulayaraq şair-bəstəkar tandeminin musiqi sənəti üçün zəruri olduğunu qeyd etdi. Çünki dahi Üzeyir bəy yazırdı ki, yaxşı mahnı yaxşı mətndən başlayır.

Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə, tanınmış ictimai xadim, diplomat  Həsən Həsənov Davud Nəsibin xatirə gecəsinin məhz Bəstəkarlar İttifaqında keçirilməsinə də çox böyük dəyər verdilər.

Xatirə gecəsində Davud Nəsibin həyat və yaradıcılığı ilə bağlı videofraqmentlər də təqdim olundu. Vaxtilə sənətkar haqqında hazırlanan televiziya verilişlərindən İsa Muğanna, Vaqif Səmədoğlu, Teymur Bünyadov, Vidadi Babanlı, Nizami Cəfərov, Budaq Budaqov, Qəzənfər Paşayev, Qabil, Anar və başqalarının Davud Nəsib haqqında dedikləri fikirlər bir daha maraqla dinlənildi. Cənubi Azərbaycandan məxsusən bu tədbirə dəvət alan Arif Mehmandost şairin sözlərinə bəstələdiyi “Bahar və sevgilim” mahnısını gənc pianoçu Xəyal Əsədlinin müşayiəti ilə ifa etdi.

Qazax elindən olan şairin şeirlərini aşıqlar Şahin Süleymanov və Samir Cəlaloğlu aşıq havaları üstündə də ifa etdilər. Qiraətçi Hüseynağa Aslanov şairin bir neçə şeirini səsləndirdi. Xatirə gecəsi Davud Nəsibin öz səsində şeiri ilə başa çatdı.

Tədbirin sonunda çıxış edən şairin oğlu Xəyyam Davudoğlu xatirə işığına yığışan elm və incəsənət xadimlərinə ailələri adından minnətdarlığını bildirdi.

Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi