Lənkəran rayonunun Osakücə kəndində Vətən müharibəsi şəhidi Tural Hümmətovun şəhadətə qovuşmasının ikinci ildönümündə onun əziz xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin, onların problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız cəsarət və qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız Şuşada və azad edilmiş digər ərazilərimizdə əzəmətlə dalğalanır.

Xatırladaq ki, Tural Rövşən oğlu Hümmətov 20 may 1998-ci ildə Lənkəran Tatova kəndində doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edilib. Tural Vətən müharibəsi zamanı topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin işğaldan azad edilməsində rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Lerik rayonunun Hovil kəndində Vətən müharibəsi şəhidi İmaməli İbrahimovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, icra aparatının rəsmiləri, şəhidin ailə üzvləri və yerli sakinlər iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Göyçay rayonunun İnçə kəndində “Şəhidlər unudulmur” adlı bulaq-abidə kompleksi tikilib. Abidədə 12 şəhidin şəkilləri əks olunub.

***

Gəncə RMİ Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində şəhid Yusif Qurbanovun ailəsi ilə görüş təşkil edilib.

***

Kürdəmirdə Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Nəzər Əzizovun adını daşıyan xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.

***

Sabirabad RMİ Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Vətən müharibəsinin şəhid leytenantı Süleyman Bağırovun ailəsi ziyarət edilib.

***

Ağstafa RMİ Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Nihad Abdullayevin anım günü ilə bağlı məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

***

Masallı rayonunun Şatıroba kənd şəhid Natiq Əhmədov adına tam orta məktəbin qarşısında şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Açılış mərasimində rayonun icra başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər. Cəlilabad rayonunun Soyuqbulaq kəndində şəhid qəhrəmanlar Elçin Ağayev və Famil Mənsumovun xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi olub. Mərasimdə rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Cəlilabad rayonunun Əsədli kəndində şəhid Səid Həsənovun xatirəsinə tikilmiş bulağın açılışı olub. Səid Həsənov bu il sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olub. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Səid Həsənov Vətən müharibəsində böyük şücaət göstərib, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Nurəddin Məmmədli