Kürdəmirdə Aşıq Şakirin 100 illiyi qeyd olunub

 

Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Şakir Hacıyevin (1922-1978) anadan olmasının 100 illiyidir. Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir rayon Heydər Əliyev Mərkəzində ustad sənətkarın yubileyi münasibətilə tədbir keçirilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyi (AAB) ilə birgə təşkil etdiyi tədbirdə elm və mədəniyyət xadimləri, tanınmış aşıqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin ən parlaq nümayəndəsi aşıq Bilalın layiqli davamçısı olan Aşıq Şakirin adının bu gün də dillər əzbəri olmasından, sənətinə olan məhəbbətdən danışıb. Qeyd edib ki, Şakir Hacıyev Şirvan aşığı olsa da, onun sənətinin sorağı ölkəmizlə yanaşı, Dağıstan, Orta Asiya və İranı əhatə edib, məlahətli səsi, qəlbəyatan zəngulələri ilə ifa etdiyi aşıq havalarına möhürünü vurub.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şakirin zəmanəsinin ritmi ilə yaşayıb-yaradan sənətkar olmasından danışıb. Folklorşünas alim “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir neçə buraxılışının bütünlüklə Aşıq Şakirə həsr olunduğunu vurğulayıb. Deyib ki, respublikanın ən mötəbər tədbirlərinin, səhnələrinin bəzəyi olan sənətkar el şənliklərinin ən əziz, ən arzulanan qonağı sayılıb.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı bildirib ki, Aşıq Şakir xanəndə kimi də çox sevilib və onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirib, eyni zamanda xanəndələrimiz, müğənnilərimiz onun repertuarından bəhrələniblər.

Ulu öndər Heydər Əliyevin folklorumuz və aşıq sənəti haqqında söylədiyi “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq” fikirlərini xatırladan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli ustad aşığın sənətinin davamçılarına uğurlar arzulayıb.

Jurnalist Tofiq Abdullayev Aşıq Şakir haqqında görkəmli ziyalı və sənət adamlarından topladığı xatirələrdən ibarət üç kitab ərsəyə gətirdiyini bildirib.

Aşığın nəvəsi, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dosent Qətibə Mahmudova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirib. O, babasının xatirəsinə ithaf etdiyi “Yolun düşsə, bu dünyaya bir də gəl” kitabını qonaqlara təqdim edib.

Çıxışlardan sonra Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə-aşıq Əvəzxan Xankişiyev, Səfalı Əliyev, Elman Talıstanlı, gənc aşıqlar Qəlbinur İbrahimli, Elçin Rəşidoğlu mərhum sənətkarın repertuarından havalar ifa ediblər. Tədbirə ustadın nəvəsi, aşıq Babək Şakirlinin ifasında sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda kök salan “Şirvan şikəstəsi” ilə yekun vurulub.