Noyabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə birgə konsert keçirilib.

Əvvəlcə BMA-nın elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə bu tədris ocağında ixtisasartırma keçən Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə təhsil illərində uğurlar diləyib.

BMA-nın dosenti Nərgiz Hüseynova da tələbələrə xoş arzularını bildirərək, belə tədbirlərin önəmindən danışıb.

Konsertdə Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri və BMA-nın tələbələri çıxış ediblər.

Proqramda Qara Qarayevin "Yeddi gözəl" baletindən “Adajio”, Tofiq Bakıxanovun "İmprovizə", Emil Əfrasiyabın Üzeyir Hacıbəyli əsərlərinə "Parafraz", Adil Bestıbayevin "Skertso", Yevgeni Brusilovskinin "Kozı Karpeş-Bayan sulu" baletindən solo, "Boz-Ayqır süitası" finalı, Ceyms Burkenin "Danza Allegre" və Bela Kovaskın "Macar mövzularına variasiyalar" əsərləri ifa olunub.

Sonda Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə sertifikatlar təqdim olunub. Tələbələr keçdikləri ixtisasartırma dərslərindən məmnun qaldıqlarını qeyd edərək, BMA-nın rəhbərliyinə təşəkkürlərini bildiriblər.