Amma hələ dünyanın sonu deyil...

 

Yer kürəsində əhalinin sayı 2022-ci il noyabrın 15-də 8 milyard nəfərə çatıb. Bu barədə BMT-nin Əhali Fondu (UNFPA) məlumat yayıb.

Məlumatda diqqətə çatdırılır ki, Yer kürəsi əhalisinin son 1 milyard nəfər artımı cəmi 11 ildə gerçəkləşib. Bu, dünya demoqrafiyasında indiyədək olmuş ən sürətli artım tempidir.

Bununla belə, UNFPA-nın proqnozlarına görə, növbəti illərdə Yer kürəsi əhalisinin artım tempi nisbətən yavaşıyacaq. Ehtimal olunur ki, dünya əhalisi 9 milyard nəfərə 14,5 il  sonra, 2037-ci ildə çatacaq. Həmçinin qeyd olunur ki, dünya əhalisinin 1970-ci ildən etibarən başlayan 1 faizdən çox (illik) artım tempi 2020-ci ildə ilk dəfə olaraq ildə 1 faizdən aşağı olub. Buna da əsas səbəb kimi pandemiya göstərilir.

UNFPA qeyd edir ki, dünya əhalisinin 2080-ci illərdə 10,4 milyarda çatacağına dair proqnozlara baxmayaraq, ümumi artım tempi azalır. Dünya əhalisinin üçdə ikisi məhsuldarlığı aşağı olan ərazilərdə yaşayır və əhali artımı əsasən yoxsul ölkələrin, xüsusən də Afrika dövlətlərinin payına düşür.

Fond hesab edir ki, əhali artımı ilə əlaqədar beynəlxalq ictimaiyyət dünyanın üzləşdiyi problemləri azaltmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv həll yolları axtarmalıdır. Belə addımların reallaşdırılması üçün “dünyanı daha təhlükəsiz, dayanıqlı və inklüziv etmək” məqsədilə əhaliyə dəstək proqramlarına investisiyaların artırılması vacibdir.

Qeyd edək ki, dünya əhalisi 1 milyard nəfərə 1820-ci ildə (o dövrün təxmini hesablama və ölkələr üzrə mövcud siyahıyaalma göstəricilərinə görə) çatıb. Növbəti milyardlıq artım üçün yüz ildən çox vaxt lazım olub. 1927-ci ildə Yer kürəsi əhalisinin 2 milyard olduğu bildirilib.

İkinci Dünya müharibəsindəki kütləvi qırğınlar da nəzərə alınmaqla Yer kürəsi 3 milyard hədəfinə 33 il sonra, 1960-cı ildə çatıb. 4-cü milyard üçün isə cəmi 14 il lazım olub (1974).

13 il sonra, 11 iyul 1987-ci ildə Yer kürəsi əhalisinin sayı 5 milyardı keçib. Bu əlamətdar hadisə ilə əlaqədar 1989-cu ildə BMT İnkişaf Proqramının tövsiyəsi əsasında 11 iyul Dünya Əhali Günü (World Population Day) elan edilib.

Sonrakı milyardlar üçün 12 il gərək olub. 12 oktyabr 1999-cu ildə dünya əhalisi 6 milyard nəfərə, 31 oktyabr 2011-ci ildə isə 7 milyard nəfərə çatıb.

Dünya üzrə demoqrafik göstəricilərin onlayn sayğacı olan countrymeters.info saytının məlumatına görə, 16 noyabr 2022-ci il tarixində Yer kürəsi əhalisinin sayı 8 milyard 35 milyona çatıb. Bu ilin əvvəlindən dünya əhalisi 86 milyondan çox artıb.

Hazırda (16 noyabr tarixinə olan statistika) Çinin əhalisi 1 milyard 457 milyon, Hindistanın əhalisi 1 milyard 423 milyon nəfərdir. Bu iki ölkənin toplam əhali sayı (2 milyard 880 milyon) dünya əhalisinin 35 faizini təşkil edir. Üstəlik, daha sürətli artım tempi sayəsində 2023-cü ildə Hindistan Çinə çatacaq.

Əhali sayında sonrakı yerləri ABŞ (337 milyon nəfər), İndoneziya (282 milyon), Pakistan (232 milyon) tutur. İlk onluğa həmçinin Nigeriya (219 milyon), Braziliya (217 milyon), Banqladeş (169 milyon), Rusiya (146 milyon) və Meksika (133 milyon) daxildir.

İkinci onluqda Yaponiya (126 milyon nəfər), Efiopiya (123 milyon), Filippin (113 milyon), Misir (107 milyon), Vyetnam (100 milyon), Konqo (96 milyon), Türkiyə (88 milyon), İran (86 milyon), Almaniya (83 milyon) və Tailand (70 milyon) var.

Bu 20 ölkədə toplam 5,6 milyard insan – yəni dünya əhalisinin 70 faizi yaşayır.

V.Kamal