Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

Dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olunub. Əslən Şuşalıdır.

O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

Sənətkar “Xosrov və Şirin" operası (1942), "Çitra" baleti (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərləri, "Rast" simfonik muğamı (1949) simfonik orkestr üçün "Rəqs süitası" və s. musiqi əsərlərinin müəllifidir.

Niyazi Z.Hacıbəyovun "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. Onun ifaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və başqaları tərəfindən yüksək qiymətləndirilib.

Niyazinin "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnıları könülləri oxşayıb. Bəstəkar həmçinin Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif”, A.Korneyçukun "Polad qartal" pyeslərinin tamaşalarına, habelə "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə musiqilər yazıb.

Görkəmli maestro 1984-cü il avqustun 2-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.