Rusiya Federasiyasının Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq videomüsabiqə keçirilib. Müsabiqənin məqsədi İkinci Dünya müharibəsi illərində ittifaq xalqlarının hərbi və əmək şücaətinə aid muzey ekspozisiyalarını təbliğ etməkdir.

Müsabiqəyə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair ekspozisiyalardan bəhs edən 130-dan çox videoçarx daxil olub.

Ölkəmizi müsabiqədə Azərbaycan İstiqlal Muzeyi videoçarxla təmsil edib. 

Qələbə Muzeyinin rəsmi internet saytında onlayn səsvermə keçirilib və səsvermədə 60 mindən çox internet istifadəçisi videomateriallara səs verib. Onlayn səsvermənin nəticələrinə əsasən, “Tamaşaçıların seçimi” mükafatı 10 mindən çox səs toplayan Azərbaycan İstiqlal Muzeyinə verilib.

Qeyd edək ki, İstiqlal Muzeyi ilə Rusiyanın Qələbə Muzeyi arasında 2018-ci ildə əməkdaşlıqla bağlı memorandum imzalanıb. Sənədə əsasən, İstiqlal Muzeyi Rusiya muzeyinin bir sıra layihələrində iştirak edir.