“Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlər təqdim olunub

 

Noyabrın 21-də Ankara Universitetində “Şuşa İli” münasibətilə tədbir keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyi və universitetin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə “Şuşa İli” ilə bağlı fotosərginin açılışı olub. Rəsmi şəxslər, Ankara Universitetinin professor, müəllim və tələbə heyəti, tanınmış ziyalılar sərgiyə baxıblar. Azərbaycanın qədim tarixini, mədəniyyəti, təbiətini özündə əks etdirən fotolar barədə iştirakçılara məlumat verilib.

Qonaqlar sərgidə həmçinin “İRS” jurnalının müxtəlif dillərdə buraxılışları, “Şuşa İli”nə həsr edilən xüsusi sayı, habelə Azərbaycan həqiqətləri ilə bağlı nəşrlərlə tanış olublar.

Sonra tədbir universitetin zalında davam edib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mədəniyyət paytaxtımız Şuşa haqqında filmin nümayiş olunduqdan sonra Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar çıxış edərək Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı Qələbəni və Şuşanın qurtuluşunu tarixlərə işıq saçan qəhrəmanlıq salnaməsi, Azərbaycan və Türkiyənin ortaq milli sərvəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Şuşanın böyük qəhrəmanlıqla fəth olunması bütün Türk dünyasının qürur mənbəyinə çevrilib.

Səfir Rəşad Məmmədov deyib ki, Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyə başda olmaqla bütün Türk dünyasının mənəvi məkanı, Şuşa isə Qarabağın ürəyidir. Qeyd olunub ki, qədim türk yurdu olan Şuşanın təbii gözəlliyi kimi milli irs kimi qorunması başda Türk dünyası olmaqla dünya mədəniyyətinə böyük töhfədir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bundan sonra da dünya mədəniyyətinin inkişafında öz sözünü deməkdə davam edəcək.

Sonra “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlərin təqdimatı keçirilib.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, təqdim olunan kitab və jurnallar vasitəsilə türkiyəli oxucular Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat alacaqlar.

“PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov ortaq dəyərlərin qorunmasında nəşrlərin rolundan bəhs edərək deyib ki, ASC indiyədək ondan çox kitabın ərsəyə gəlməsinə dəstək olub.

Ankara Universitetinin əməkdaşı Cavid Abdullahzadə çıxışında “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” nəşrlərində toplanan materialların tarixi mənbə kimi əhəmiyyətini yüksək dəyərləndirib. Diqqətə çatdırıb ki, Qarabağın gerçək tarixi bütün dövrlərdə Türkiyə ictimaiyyəti üçün maraqlı olub. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan məlum keçmiş münaqişənin bütün acılarının bundan sonra da yeni nəsillərə çatdırılması təxirəsalınmaz vəzifə olmalıdır.

Sonda Ankara Universiteti Dövlət Konservatoriyasında fəaliyyət göstərən musiqi qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Mehparə Sultanova
Ankara