Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarovanın 80 illik yubileyi münasibətilə “Seçilmiş məqalələr” adlı kitab çapdan çıxıb. Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib, onun musiqi irsimizin tədqiqi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, Zemfira Qafarovanın görkəmli bəstəkarlarımız haqqında monoqrafiyaları, müəllifi olduğu dərs vəsaiti və elmi məqalələr peşəkar musiqiçilər və musiqisevərlər üçün dəyərli mənbələrdir.
ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yubilyara xoş sözlərini çatdıraraq onun elmi yaradıcılığından söhbət açıb. Bildirib ki, Zemfira Qafarovanın tədqiqatları içərisində ən yüksək yeri Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə həsr etdiyi araşdırmaları və bilavasitə “Koroğlu” operası ilə bağlı monoqrafiyası tutur. O, 50 ilə yaxın davam edən elmi fəaliyyəti dövründə bir sıra bəstəkarlarımızın yaradıcılıq irsinə ilk dəfə monoqrafik tədqiqatlar həsr edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları Gülnaz Abdullazadə, Ülviyyə İmanova, İmruz Əfəndiyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və başqaları Zemfira Qafarovanın musiqişünas kimi çoxşaxəli fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Təqdimatı keçirilən kitab haqqında məlumat verilib. Qeyd olunub ki, tərtibçi-redaktoru musiqişünas, BMA-nın dissertantı Nərgiz Qulamova olan topluya Zemfira Qafarovanın dərc olunmuş məqalələri və müsahibələri, onun haqqında yazılmış məqalələr, eləcə də alimin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları daxildir.
Vurğulanıb ki, Zemfira Qafarova tədqiqatçı-alim, pedaqoq və ictimai xadim kimi Azərbaycan musiqişünaslığına dəyərli töhfələr verib. Onun monoqrafiyaları, müxtəlif tədbirləri əks etdirən məqalə və resenziyaları, televiziya və radio verilişlərində, konsert salonlarında çıxışları Azərbaycan musiqi mədəniyyəti tarixinin zəngin xəzinəsidir.
Sonra konsert proqramı təqdim edilib. Proqramda Zemfira Qafarovanın yaradıcılıqlarını tədqiq etdiyi bəstəkarlardan Üzeyir Hacıbəyli, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov və Şəfiqə Axundovanın əsərləri səslənib. Xalq artistləri Gülyanaq Məmmədova (xanəndə), Ülviyyə Hacıbəyova (piano), Əməkdar artist Sahib Paşazadə (tar), Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin) və Fəxri Kazım-Nicatın (vokal) ifaları alqışlarla qarşılanıb.
Tədbirdə Üzeyir Hacıbəyli irsinin tədqiqatı və təbliği istiqamətində gördüyü işlərə görə Zemfira Qafarovaya Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı təqdim olunub.
Yubilyar tədbirin iştirakçılarına və təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.