MEMİM-in daha bir maarifləndirici seminarı Xızıda keçirilib

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı silsilə tədbirlər təşkil edilir.

Noyabrın 17-də MEMİM və Sumqayıt RMİ-nin birgə təşkilatçılığı, aidiyyəti üzrə qurumların iştirakı ilə Xızı rayonunda “Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm. Bəs sən?” adlı maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, milli şüur və vətənpərvərlik hisslərinin aşılanmasıdır.

MEMİM-in direktoru Səadət Xələfbəyli və Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Mədəniyyət Nazirliyinin müvafiq qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələr barədə danışıblar.

Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abdulla Hüseynov, rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elyanar Hüseynov və digərləri çıxış edərək yeniyetmə və gənclərin narkotik vasitələrə meyilliklərinin fəsadlarından, məktəblərdə narkomaniyaya qarşı təbliğatın vacibliyindən bəhs ediblər.

İnteraktiv şəkildə davam etdirilən seminarda mövzu ətrafında fikir mübadiləsi aparılıb, məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirilib.

Tədbir çərçivəsində MEMİM-in təşəbbüsü ilə yaradılan “Bölgə” eksperimental teatr truppası tərəfindən narkomaniya ilə mübarizə mövzusunda “Həyat tablosu” adlı tamaşa göstərilib.

Həmçinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, bir sıra sənət növləri üzrə ustad dərsləri təqdim olunub.

Daha sonra MEMİM-in, Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və mədəniyyət könüllülərinin iştirakı ilə rayonda yerləşən XIX əsr memarlıq abidəsi – Köhnə hamam ərazisində iməcilik və Mikayıl Müşfiqin Xatirə Muzeyi ətrafında “Sən də gələcəyin üçün bir ağac ək” adlı ağacəkmə aksiyası keçirilib.