Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC və “İRS” jurnalının dəstəyi ilə Ankarada, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli” münasibətilə kitab təqdimatı və konfrans keçirilib.

Əvvəlcə kitabxanada yeni tərtibat verilmiş və genişləndirilmiş Azərbaycan bölməsinin açılışı olub.  

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Azərbaycanın bu təşkilatdakı təmsilçisi Elçin Qafarlı və digərlərinin iştirak etdiyi mərasimdə ölkəmizlə bağlı kitablar bölməyə hədiyyə edilib.

Təqdim olunan kitablar arasında “İRS” Nəşriyyat Evinin layihəsi olaraq Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə işıq üzü görən “Qədim qalanın yuxuları”, “Təbrizin sehrli nağılları”, “Şuşa – zirvədən uca”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı" və digər nəşrlər yer alıb.

Sonra tədbir iştirakçıları “Şuşa İli”nə həsr olunan fotosərgi ilə tanış olublar.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Şuşaya həsr olunan filmin nümayişindən sonra “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” nəşrlərinin təqdimatı olub. Kitablar haqqında məlumat verilib.

Daha sonra keçirilən konfransda çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasına təqdim olunan nəşrlər geniş oxucu kütləsi qazanacaq. Kitablarda əksini tapan informasiyalar qardaşlığımızın və dostluğumuzun tərənnümünə töhfə olacaq.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin dövlətçilik Azərbaycan tarixinə əbədi yazıldığını diqqətə çatdıraraq təqdim olunan nəşrlərin tarixi əhəmiyyətini yüksək dəyərləndirib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attarın diqqətə çatdırıb ki, təqdim olunan hər iki kitab həm Azərbaycanın yaxın tarixini, həm də zəngin irsini özündə əks etdirir. Kitablar Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərini, sözün əsl mənasında, tar-mar etdiyini dünyaya göstərir.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı qeyd edib ki, ölkəmizə aid həqiqətləri bir nəşrə sığışdırmaq mümkünsüzdür. Bununla belə təqdim olunan kitablarda daha çox informasiya və faktları cəmləşdirməyə səy göstərilib.

Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin müdiri Selçuk Karakılıç bildirib ki, erməni vandalizmini və insani cinayətləri ifşa etmək təkcə Azərbaycanın deyil, sülhsevər dünya ictimaiyyətinin maraqlarına uyğundur.

Qeyd edək ki, “İRS” Nəşriyyat Evinin “PAŞA Həyat Sığorta" ASC və Mədəniyyət Nazirliyi birgə 2013-cü ildən həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində indiyədək 10-dan çox kitab işıq üzü görüb.

Mehparə Sultanova
Ankara