Beynəlxalq Muğam Mərkəzində noyabrın 28-də “Salam, Məşədi” adlı kitabın təqdimat mərasimi keçirildi. Mərkəzin nəşrləri seriyasından işıq üzü görən kitab əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilib.

Təqdimatdan öncə iştirakçılar BMM-in foyesində xanəndənin büstü önünə tər çiçəklər qoyaraq xatirəsini yad etdilər.

“Dəyirmi masa” layihəsi çərçivəsində təşkil edilən təqdimatda ədəbi tənqidçi Əsəd Cahangir çıxış edərək kitabın ərsəyə gəlməsi və müəllif Gülhüseyn Kazımlının tədqiqatçı kimi fəaliyyətindən söz açdı. Bildirdi ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb. 1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və s. kimi sənət adamları yer alıb. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada konsertlər verib, Azərbaycan musiqisini təbliğ ediblər.

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətinin inkişafında xidmətlərindən söz açdı. Xalq artisti, kitabın ön söz müəllifi Sərdar Fərəcov qeyd etdi ki, M.M.Fərzəliyev xüsusi istedada, güclü səs diapazonuna malik xanəndə kimi şöhrət qazanıb. Kitabda tarixi faktlar, nadir fotolar, dövrümüzün muğam ustadlarının fikirləri və s. əksini tapıb. Xanəndənin “Sport-Rekord”, “Pate” firmalarındakı ifalarının 1912-ci ildəki kataloqu kitabın elmi məziyyətini daha da artırır. Nəşr xanəndənin repertuarı haqqında dolğun təəssürat yaradır.

Professor Abbasqulu Nəcəfzadə, Əməkdar artist, tarzən Valeh Rəhimov, kitabın redaktoru Kənan Hacı nəşri musiqi mədəniyyətimizin araşdırılmasına mühüm töhfə kimi qiymətləndirdi. “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyan xanəndənin irsinin araşdırılmasının önəmindən bəhs olundu. Bildirildi ki, kitabda tədqiqatçı-jurnalist, araşdırma qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin ustadın irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər.

Təqdimatda xanəndənin Azərbaycan Dövlət Səs Yazıları Arxivində aşkarlanan ifaları səsləndirildi. Sonra xanəndələr – Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Sevinc Sarıyeva, Ağakərim Nafiz və gənc xanəndə Daşqın Kürçaylının ifasında konsert proqramı təqdim olundu.

Lalə Azəri