Qırğız peşəkar teatrının qurucularından biri, Qırğızıstanın Xalq yazıçısı Toktobolot Abdumomunovun (1922-1989) anadan olmasının 100 illiyi münasibətilə dekabrın 6-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ofisində konfrans keçirilib.
Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qırğız Respublikası Prezidenti yanında Dil Komissiyasının sədri professor Kanibek Osmanaliev, Toktobolot Abdumomunovun oğlu İshak Abdumomunov, digər qonaqlar iştirak ediblər.
Mərasimdə açılış nitqi söyləyən Sultan Raev qırğız xalqının, eləcə də Türk dünyasının tanınmış şəxsiyyəti, dramaturq və mədəniyyət xadimi Toktobolot Abdumomunovun yubileyini TÜRKSOY-un çətiri altında birlikdə yad etməkdən məmnunluğunu ifadə edib. Yazıçının yaradıcılığından bəhs edən baş katib deyib: “Toktobolot Abdumomunov qırğız ədəbiyyatına, milli teatrına və dramaturgiyasına böyük töhfələr verib, milli dramaturgiyanı peşəkar səviyyəyə çatdırıb. Abdomomunov qırğız səhnəsində ən gözəl pyesləri tamaşaya qoyub və onun əsərləri qırğız ədəbiyyatının qızıl irsinə çevrilib...”.
Digər çıxış edənlər görkəmli ədibin irsinin əhəmiyyətindən, qırğız milli teatrının inkişafında xidmətlərindən söz açıblar.
Qırğızıstanlı rejissor Asankoco Aitıkeevin Toktobolot Abdumomunov haqqında sənədli filmi nümayiş olunub.
Konfransın ikinci hissəsində Qırğızıstandan dilçi alim Ümit Kultaeva, rejissor Asankoco Aitıkeev, Hacı Bayram Vəli Universitetinin müəllimi Naciye Yıldızın Toktobolot Abdumomunov haqqında məruzələri dinlənilib.
Tədbir musiqili proqramla davam edib.
Konfransın sonunda baş katib Sultan Raev rejissor Asankoco Aitıkeevə TÜRKSOY-un “Toktokul Satılqanov” medalını və iştirakçılara sertifikatlar təqdim edib.
Mehparə Sultanova
Ankara