Bursada keçirilən təntənəli tədbirlə “Türk dünyasının mədəniyyət paytaxtı” adı Türkiyənin qədim şəhəri olan Bursadan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya keçdi. Həm bir azərbaycanlı olaraq, həm də Şuşanı təmsil edən rəsmi şəxs olaraq çox qürurluyam.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bu fikirləri Bursada AZƏRTAC-a müsahibəsində bildirib.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə (6 dekabr) sərəncam imzaladığını diqqətə çatdıran Aydın Kərimov deyib: “Bu il Bursa çox möhtəşəm, maraqlı tədbirlərlə yadda qaldı. Bunlar bizim üçün dəyərli bir nümunə ola bilər. Bu baxımdan Bursa şəhərində 2022-ci ildə keçirilən tədbirlərin təcrübəsinin öyrənilməsi də mümkündür. Eyni zamanda düşünürəm ki, Şuşada bu tədbirlər özünəməxsusluğu ilə seçiləcək və biz buna var gücümüzlə hazırlaşacağıq. Türk dünyasından olan bütün dost və qardaş ölkələrimizin nümayəndələrini Şuşada salamlamaqdan çox böyük qürur hissi keçirəcəyik. Onu da qeyd etmək istərdim ki, Bursada baş tutan bağlanış günlərində Şuşa Günlərinin keçirilməsi də çox simvolik bir hadisədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlərdə Şuşanın mədəni-mənəvi irsinin ilkin təbliğinin baş tutduğunu düşünürəm...”.