Milli Azərbaycan Tarixi Muzeyinin fondundan

 

2010-cu ildə, Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibətilə hazırlanacaq sərgi üçün material toplamaq məqsədilə muzeyin arxivində işləyərkən gözlənilməz, lakin olduqca maraqlı sənədlərlə üzləşdim. Bu – 1930-40-cı illərdə muzeydə işləyən əməkdaşların şəxsi işlərinin toplandığı sənədlər qovluğu idi. Həmin qovluqdakı materiallar arasında Azərbaycan Sənaye İnstitutu Memarlıq fakültəsinin  II kurs tələbəsi, 17 yaşlı Heydər Əlirza oğlu Əliyevin öz əli ilə yazdığı üç sənədi gördükdə, doğrusu, gözlərimə inanmadım.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı bunu “Ümummilli liderin həyat salnaməsinin naməlum səhifəsi” adlı qeyddə yazır. Muzeyin saytında dərc olunan yazıda diqqətə çatdırılır ki, 1940-cı ilin 2 iyulunda muzeyin (o vaxt Azərbaycan Tarixi Muzeyi adlanırdı – red.) direktoru Zeynal Əliyevin adına ekskursiyaçı vəzifəsinə qəbul olunmaq xahişi ilə yazılmış ərizəyə avtobioqrafiya və şəxsi vərəqə də (hər üçü rus dilində) əlavə olunub.

Akademik Nailə Vəlixanlı yazır: “Heydər Əliyevin məlum həyat salnaməsində öz əksini tapmayan bu səhifənin tarixini aydınlaşdırmaq üçün muzeyin həmin dövr iş fəaliyyəti ilə bir daha tanış oldum. Məlum oldu ki, Xalq Komissarları Sovetinin 1939-cu ilin 11 avqust tarixli sərəncamı ilə muzeydə “Azərbaycanda aprel sosialist inqilabının 20 illiyinə” həsr olunmuş, respublikanın nailiyyətlərini əks etdirən sərginin təşkil edilməsi qərara alınmışdı. Bununla əlaqədar yaradılmış hökumət komissiyası Naxçıvan və Qarabağda da bu mövzuda səyyar sərgilərin keçirilməsi qərarını vermişdi. Sərgi 1940-cı ilin 28 aprelində muzeyin 10 zalında fəaliyyətə başladı. Respublika ictimaiyyətinin böyük maraqla qarşıladığı bu sərgini muzeyin 1940-cı il fəaliyyətinə dair hesabatına əsasən ilin sonunadək 22000 insan ziyarət etmişdi. Xalq Komissarları Sovetinin 29 dekabr 1940-cı il sərəncamına əsasən, sərgi bağlandı. Elə bu zaman muzeyin o dövrdə “Muzeylər evi” adlandırılan Tağıyev mülkündən Şirvanşahlar Sarayına köçürülməsi məsələsi gündəmə gətirildi. Sərginin yığışdırılması, muzeyin müasir dövr ekspozisiyasının bağlanılması ilə əlaqədar iş yükü azaldılmış elmi işçilər və xüsusilə, sərgiyə və ekspozisiyaya xidmət edən ekskursiyaçılar muzeydən getməli oldular. Azərbaycan Tarixi Muzeyinin 1941-ci ilə aid əmrlər kitabında bu ixtisarlar “Şirvanşahlar Sarayına köçmə ilə bağlı iş şəraitinin dəyişməsi” ilə əlaqələndirilmişdi. Həmin ilin yayında isə həm ixtisarlar, həm də müharibənin başlanması ilə əlaqədar yalnız bir neçə işçisi qalmış Tarix Muzeyi EA-nın Azərbaycan filialında fəaliyyət göstərən Dil və Ədəbiyyat, Tarix, Ensiklopediya və Lüğətlər İnstitutları ilə Tarix, Dil, Ədəbiyyat İnstitutu adı altında vahid qurumda birləşdirildi”.

Qeyddə o da diqqətə çatdırılır ki, Heydər Əliyev sonralar başqa sahədə işləsə də, tarixə olan marağı onu yenə də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə gətirmiş və o, həmin fakültəndə qiyabi təhsil almışdı.

V.Kamal