Birinci Dünya müharibəsində Türkiyə (Osmanlı) Ordusunun şanlı tarix yazdığı 1915-ci il Canaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılacaq. Dekabrın 14-də Canaqqala şəhərində abidənin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Çanaqqala valisi İlhami Aktaş, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin rəisi İsmayıl Kaşdemir, digər rəsmisləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iki ölkə şəhidlərinin xatirəsinin anılması, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Rəşad Məmmədov açılış nitqində Çanaqqalanın müqəddəs bir yer olduğunu, 107 il əvvəl azərbaycanlıların bu torpaqlarda öz qardaşları ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olduqlarını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunacaq bu abidə qəhrəman Azərbaycan övladlarının xatirəsini uğrunda can verdikləri torpaqlarda əbədiləşdirəcək.
İsmayıl Kaşdemir çıxışında Çanaqqalada ucaldılacaq abidənin Azərbaycan-Türkiyə birliyinin önəmli simvollarından biri olacağını vurğulayıb. Bildirilib ki, tarixi qoruq olan Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgəsində abidə üçün ümumilikdə 2 min kvadratmetrə yaxın ərazi ayrılıb.
Çıxışların ardınca əlamətdar günün xatirəsinə hazırlanmış məktub səfir Rəşad Məmmədov, vali İlhami Aktaş və İsmayıl Kaşdemir tərəfindən imzalanıb və xüsusi kapsulda abidənin təməlinə yerləşdirilib. Abidənin təməli qoyulub.
Qeyd edək ki, 24 aprel 2015-ci ildə Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak edən Prezident İlham Əliyev bu döyüşlərdə şəhid olmuş azərbaycanlıların xatirəsinin Çanaqqala Şəhidliyi Kompleksində əbədiləşdirilməsinə dair müvafiq dövlət qurumlarına göstəriş vermişdi.
Heykəltəraş Tural Rzaquliyevin hazırladığı layihəyə əsasən, milli ornamentlərin əks olunacağı 180x190 sm ölçülü bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir ediləcək. Barelyef 3 metr yüksəklikdəki postament üzərinə yerləşdiriləcək və abidə onu tamamlayacaq sütunla birlikdə ümumilikdə 13 metr hündürlükdə olacaq.
Mehparə Sultanova
Ankara