ABŞ Prezidenti Cozef Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib: “COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”.

O qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir. “Bu, şübhəsiz ki, olacaq”, – deyə Bayden vurğulayıb.

Bir qədər əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiyaların gözlədiyini bildrimişdi.

Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) həftəlik epidemioloji bülletenində COVID-19-a yoluxmada yenidən artım tendensiyası olduğunu diqqətə çatdırıb. Ötən həftə ərzində dünyada COVID-19-a yoluxma 2 faiz (3,3 milyon nəfər), koranovirusla bağlı ölüm halları isə 10 faiz (9,7 minə yaxın) artıb.

Qeyd edək ki, 2020-ci ilin martından etibarən pandemiya dövründə dünyada 650 milyondan çox koronavirusa yoluxma və 6,6 milyona yaxın ölüm halı qeydə alınıb.

Cavid