XX yüzilliyin əvvəllərindən musiqi mədəniyyətimizin inkişafına töhfələr verən sənətkarlardan biri də Əməkdar incəsənət xadimi, görkəmli tarzən Mirzə Mənsur Mənsurov olub. O, tar ifaçılığı ilə yanaşı, bu sənətin tədrisini də həyata keçirib. Sənətkarı anadan olmasının 135 illiyi münasibətilə yada salırıq.
Mənsur Məşədi Məlik oğlu Mənsurov 1887-ci ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Mənsur ibtidai molla məktəbini qurtarır və on bir yaşında mədrəsəyə daxil olur. Kiçik yaşlarından musiqiyə həvəs göstərir. Günlərin birində dərs zamanı Mənsur taxta parçasını tar kimi sinəsinə sıxaraq “Uzundərə” havasını zümzümə edir. Bunu görən molla onun ayaqlarını falaqqaya saldırır. Buna görə də o, mədrəsəni birdəfəlik tərk edir. Taleyini həmişəlik musiqiyə bağlayır. Əlbəttə, bu heç də təsadüfi deyildi. Çünki Məşədi Məlikin ailəsi musiqi aləmi ilə sıx bağlı olub. Atası tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleyman tar, anası Soltan bəyim isə saz çalırdı. Mənsur Mənsurov məhz belə bir mühitdə böyümüşdü.
O, xatirələr kitabında uşaqlıq illərini belə xatırlayır: “On beş yaşım olanda atam mənə bir qoltuq sazı aldı. Çox keçmədi, saz çalmağı öyrəndim. Hərdən qardaşım Süleymanın tarını da götürüb oyun havalarını çalardım. Atam musiqişünas olmaqla bərabər, həm də çox qonaqpərəst idi. İrandan, Qarabağdan və başqa yerlərdən Bakıya gələn musiqiçilər bizim evə düşərdilər. Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi Bülbülcan kimi məşhur sənətkarlar Bakıya toy məclislərinə dəvət olunanda həftələrlə atamın qonağı olardılar. Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Mirzə Fərəc və başqaları da tez-tez gələr, çalıb-çağırardılar”.
Mirzə Mənsur bu görkəmli sənətkarların ifalarını dinlədikcə musiqiyə qəlbən bağlanırdı. Onun ilk tar müəllimi isə Mirzə Fərəc olur. Tar çalmağı öyrətməklə bərabər, həm də muğamların adları, onların mənası, hissə və şöbələri haqqında da maraqlı bilgilər əldə edir.
Beləliklə, Mirzə Mənsur 20-25 yaşlarında kamil tarzən kimi tanış-qohum məclislərinə dəvət olunur. 1920-ci ildən o, “Şərq konservatoriyası”nda, 1923-cü ildən isə Üzeyir Hacıbəylinin təşkil etdiyi Dövlət türk musiqi məktəbində tar dərsi deyir. 1926-cı ildə musiqi məktəbi konservatoriyaya birləşdirilir. Mənsur Mənsurov konservatoriyaya dəvət edilir. Burada 1946-cı ilədək pedaqoji fəaliyyət göstərir. İstedadlı tar müəllimi kimi Üzeyir bəyin ən yaxın köməkçilərindən olur.
Araşdırmalarda qeyd edilir ki, o həm də tar alətinin quruluşunda (pərdələrin qoşulmasında, tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi mütərəqqi dəyişiklik edib. Hətta yeni quruluşda tar da hazırlayıb. Onun 1934-cü ildə yeni quruluşda hazırladığı iki tardan biri Parisdə, digəri isə İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilib.
Gənclik illərində olduğu kimi, ömrünün ixtiyar çağlarında da “Rast”, “Bayatı-İsfahan” muğamlarını özünəməxsus ustalıqla ifa edib. “Mahur-hindi” muğamını səsləndirən zaman dinləyicilərə elə gəlirmiş ki, tarı 30-35 yaşında bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə tarın cingənə simlərində Sadıqcanın mizrablarını vuranda dinləyiciləri məftun edərmiş.
Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında Ü.Hacıbəyli tərəfindən 1934-cü ildə Mirzə Mənsura verilən xasiyyətnamədən də söz açılır: “...Mənsur Mənsurov 1926-cı ildən indiyə kimi Azərbaycan Dövlət Konservatoriyasında tar müəllimi vəzifəsində çalışır. Bu dövr ərzində bir tar müəllimi kimi özünü ən işgüzar və ən yüksək ixtisas sahibi kimi göstərib. Bundan əlavə, o, tələbələr tərəfindən muğamların bədii cəhətdən düzgün çalınmasına, kamil öyrənilməsinə böyük əmək sərf edib. Eyni zamanda xalq çalğı alətləri üçün proqram tərtib edilməsində, tarın və başqa alətlərin yenidən qurulmasında, onların gözəl səslənməsi tədbirlərində fəal iştirak etmişdir. O, bütün müəllimlik fəaliyyəti illərində özünü fəal və hörmətli bir pedaqoq kimi göstərmişdir”.
Mahir tarzən ölkəmizdə istedadlı musiqiçilər nəslinin (Səid Rüstəmov, Xurşid Ağayeva, oğlu Ənvər Mənsurov, Rəşid Əfəndiyev və b.) yetişməsində böyük səy göstərib. Şair ürəkli sənətkar həm də bir çox qəzəl və qoşmalar müəllifi kimi də tanınıb.
Mənsur Mənsurovun pedaqoji fəaliyyəti və incəsənət sahəsindəki xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilir. Ona 1940-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adı verilir.
Araşdırmalarda o da qeyd edilir ki, Mirzə Sadıqcanın ifaçılıq ənənələrini yaşadan Mənsur Mənsurov həm də muğam nəzəriyyəçisi olub. “Rast”, “Zabul”, “Dügah” muğamları 1936-cı ildə ilk dəfə onun ifasında gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov tərəfindən nota köçürülüb. Tarzənin adı muğamat dərsliyinin ilk proqramını tərtib etmiş sənətkar kimi də tarixə düşüb.
80 illik ömrünün 60 ilini musiqiyə həsr edən Mənsur Mənsurov 1967-ci ildə vəfat edib.
Savalan Fərəcov