Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi paytaxtla yanaşı, bölgələrin də turizm potensialının tanıdılması və təbliği baxımından önəm kəsb edir. Dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, əsrarəngiz təbiəti və zəngin sənətkarlıq ənənələri ilə məşhur olan qədim Şəkidə də musiqi bayramına fəal hazırlıq görülür.
Şəki Turizm İnformasiya Mərkəzinin rəhbəri Nəsib İmaməliyevin dediyinə görə, müsabiqənin vaxtı yaxınlaşdıqca, əhalinin, xüsusilə yerli sənətkarlar və turizm sektorunda çalışan insanların bu möhtəşəm musiqi bayramına marağı da artır. Müsabiqə ilə bağlı ölkəmizə gələcək turistlərin Şəkiyə gözlənilən səfərlərini nəzərə alaraq yerli sənətkarlar, hotel əməkdaşları, əlaqədar xidmət təşkilatlarının işçiləri fəaliyyətlərini bu istiqamətdə qurmağa səy göstərirlər: “Ölkəmizə gələcək çoxsaylı qonaqlara yüksək qonaqpərvərliyin nümayiş olunmasına Şəki sənətkarları da layiqli töhfələrini verəcəklər. “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisindəki “Sənətkarlar evi”nin nəzdində fəaliyyət göstərən el sənətkarları - ağac üzərində oyma, bədii tikmə, təkəlduz, ipəkçi, dulusçu, papaqçı, şəbəkə ustası və digər sənət sahibləri artıq əl işlərində “Eurovision- 2012” mahnı müsabiqəsinin loqosuna, embleminə xüsusi yer ayırırlar. Çünki son vaxtlar Şəkiyə gələn xarici turistlər “Eurovision- 2012” mahnı müsabiqəsi ilə bağlı elementlərin əks olunduğu suvenirlərə, bədii tikmə və ipəkçilik nümunələrinə daha çox üstünlük verirlər».
N.İmaməliyev deyir ki, Şəki sənətkarlarından söz düşəndə, bu qədim diyarın özünəməxsus mətbəxini də unutmaq olmaz. Şəki şirniyyatı, halvası, pitisi artıq ölkəmizdən xaricdə də yaxşı tanınır.
“Müsabiqə ərəfəsində və müsabiqə günlərində Şəkiyə gələcək qonaqların yerləşdirilməsi də başlıca məsələlərdən biridir”. Bunu isə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov bildirdi. Onun sözlərinə görə, hazırda şəhərdəki mehmanxana və hotellərdə, istirahət və turizm mərkəzlərində, Olimpiya İdman Kompleksinin kotteclərində 1000-ə yaxın turistin yerləşdirilməsi üçün hər cür şərait var: «Bu obyektlərdə xidmətin səviyyəsini yüksəltmək üçün bütün lazımi tədbirlər görülüb, obyektlər sürətli internet şəbəkəsinə qoşulub, mehmanxana və hotel əməkdaşları xüsusi treninqlərə cəlb ediliblər. Zərurət yaranarsa, turistləri xüsusi evlərdə də yerləşdirmək mümkündür».
Şəkiyə gələcək əcnəbilər qədim diyarın məşhur tarixi-memarlıq abidələri ilə də tanış olmaq imkanı əldə edəcəklər. Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı, habelə XVIII-XIX əsrlərə aid “Yuxarı Karvansaray” mehmanxana kompleksi, Kiş kəndindəki qədim alban məbədi və digər abidələrlə tanışlıq, şübhəsiz, turistlərin böyük marağına səbəb olacaq. Əcnəbi qonaqlara Şəkinin tarixi, memarlıq abidələri və adət-ənənələri barədə dolğun məlumat verilməsi üçün bələdçilərin hazırlanmasına da xüsusi diqqət yetirilir. Bir sözlə, qədim Şəki ilə tanışlıq qonaqların ürəyincə olacaq.
Fəxriyyə Abdullayeva