Rejissor Asif Rüstəmov “Mərmər soyuğu” filmi ilə 12-18 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Avrasiya Beynəlxalq Film Festivalında mükafat qazanıb. O, festivalın “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Xatırladaq ki, bundan öncə film “PÖFF Tallinn Black Nights” festivalında da mükafata layiq görülüb. Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında təltif olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” uğursuz rəssamla sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Məhbəsdən evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır...

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir. Əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov ifa ediblər.

Səbinə