Sumqayıt Muğam Mərkəzində “Şuşa İli”nə həsr olunan “Daşkənddən Qarabağa könül körpüsü” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Milli Məclisin Mədəniyyət komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt RMİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşfiq Məmmədli, Sumqayıt şəhər icra başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqappar Kirqizboyev, Özbəkistanın ölkəmizdəki səfirliyinin nümayəndələri, digər qonaqlar tədbirdə iştirak ediblər.

Çıxışlarda iki qardaş ölkə arasında tarixi bağlılıqdan, Ulu öndər Heydər Əliyevin özbək xalqına hər zaman böyük sevgi ilə yanaşmasından, son dövrlərdə Azərbaycan və Özbəkistan arasında əlaqələrin sürətli inkişafından, bu xüsusda dövlət başçılarının mühüm rolundan bəhs edilib. Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin fəxri fərmanı iştirakçılara təqdim olunub.

Tədbir Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və tarzən, Əməkdar artist Sahib Paşazadənin ifaları ilə davam etdirilib.