Mayın 3-də Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə adıçəkilən təhsil ocağında “Coğrafiya həftəsi” çərçivəsində “Turizm günü” keçirildi. Tədbirdə qonaq qismində paytaxtın müxtəlif orta məktəblərindən şagird və müəllimlər də iştirak edirdilər.
   
   «Turizm günü» ilə əlaqədar məktəbdə nazirlik tərəfindən xüsusi stend quraşdırılmışdı. Tədbirin iştirakçılarına ölkəmizin turizm potensialına aid müxtəlif reklam-çap məhsulları təqdim olundu.
   Məktəbin coğrafiya müəlliməsi Dilarə Zeynalova «Coğrafiya həftəliyi» çərçivəsində şagirdlərin müxtəlif mövzularda təqdimatlar hazırladığını, yeni ideyalarla çıxış etdiyini bildirdi. Onun sözlərinə görə, belə tədbirlər məktəblilərin ölkəmizi daha yaxından tanımasına səbəb olur.
   Məktəbin direktoru Gülşən Orucova qəzetimizə açıqlamasında bildirdi ki, təhsil ocağında müxtəlif fənlər üzrə belə həftəliklər tez-tez təşkil edilir. Onun sözlərinə görə, «Turizm günü» ilk dəfə keçirilsə də, məktəbin şagirdləri daima Azərbaycanın turizm potensialı haqqında məlumatlandırılır: «Şagirdlər Bakıda yerləşən muzeylərə, Yanardağa, Atəşgaha, Qobustana və digər tarixi məkanlara ekskursiyalara aparılır. Orada onlara Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti haqqında geniş məlumatlar verilir. Ekskursiyadan sonra şagirdlər gəzdikləri məkanla bağlı təqdimatlar hazırlayır, öz fikirlərini yoldaşları ilə bölüşürlər. Bugünkü tədbiri təşkil etməkdə də əsas məqsədimiz məktəbimizin şagirdlərinin Azərbaycan haqqında daha çox məlumat əldə etməsidir. Təşəbbüsümüzü dəstəklədiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümüzü bildirirəm».
   Mədəniyyət və Turizm Nazirliyinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov 6 saylı məktəbin təşəbbüsü ilə baş tutan tədbirin Azərbaycanda ilk dəfə keçirildiyini söylədi. O, şagirdlərin ölkəmizin turizm potensialı ilə yaxından tanış olması, turizm haqqında ümumi məlumatlar əldə edə bilməsi baxımından tədbiri yüksək qiymətləndirdi: «Bugünkü tədbirdə nazirlik tərəfindən məktəbdə quraşdırılmış stenddə müxtəlif xarici dillərdə hazırlanmış 20 adda reklam-çap məhsulu nümayiş olunur. Bakı şəhərinə və regionlarımıza həsr olunmuş broşürlar, kitabçalar, fotoşəkillər şagirdlərə paylanır. 6 saylı məktəbdə bir neçə xarici dil tədris olunduğundan burada təhsil alan şagirdlərin bu çap məhsulları ilə tanış olmasında heç bir problem olmayacaq».
   Sonra məktəbin akt zalında müxtəlif siniflərdə təhsil alan 100-ə yaxın şagirdin iştirakı ilə turizm mövzusunda açıq dərs keçirildi. Dərsdə Vüqar Şıxəmmədov məktəblilərə və qonaqlara Azərbaycanda turizmin inkişaf mərhələləri, son 10 il ərzində turizm sahəsində əldə edilən uğurlar, istifadəyə verilən mehmanxana və mehmanxana tipli obyektlər, Bakıda və ölkəmizin regionlarında fəaliyyət göstərən istirahət mərkəzləri, Azərbaycan üçün perspektivli turizm istiqamətləri haqqında geniş məlumat verdi. Onun çıxışı ölkəmizin turizm imkanlarını əks etdirən reklam filmləri ilə müşayiət olunurdu. Nazirlik təmsilçisi bu görüntülərin gün ərzində bir neçə dəfə dünyanın müxtəlif telekanallarında nümayiş edildiyini də diqqətə çatdırdı.
   Sonra o Azərbaycan Turizm İnstitutu, orada tədris edilən ixtisaslar haqqında məlumat verdi. Qeyd olundu ki, orta məktəbi bitirib turizm mütəxəssisi olmaq istəyən gənclər ATİ-ni seçəcəkləri təqdirdə, seçimlərində peşman olmayacaqlar.
   Azərbaycan turizminin böyük gələcəyi olduğunu deyən çıxışçı Şahdağ Qış-Yay Turizm Kompleksi barədə də iştirakçılara məlumat verdi. Sonra V.Şıxəmmədov şagirdləri maraqlandıran sualları cavablandırdı.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar