Ruslan Quliyev: «Qazaxıstanda Azərbaycan sanatoriyalarına böyük maraq var»
   
   Aprelin 25-dən 27-dək Qazaxıstanın Almatı şəhərində «KİTF-2012» adlı beynəlxalq turizm sərgisi keçirilib. Ölkəmizi sərgidə “Millennium Tourism&Congress DMC” turizm şirkətinin direktoru Ruslan Quliyev, Naftalanda yerləşən «Çinar» və «Qaşaltı» sanatoriyalarının rəhbərləri təmsil edib.
   
   Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi şirkət Almatı sərgisində ilk dəfə iştirak edib: «Bizimlə birlikdə sərgidə Naftalanda fəaliyyət göstərən «Çinar» və «Qaşaltı» sanatoriyaları da öz məhsullarını nümayiş etdirirdi. Ziyarətçilərə etdiyimiz təkliflər, Naftalan və Duzdağ da daxil olmaqla, Azərbaycanın sanatoriyalarında müalicələrin təşkil edilməsi ilə bağlı idi. Bir məqamı nəzərinizə çatdırım ki, son vaxtlar Qazaxıstandan bizə xüsusilə də Naftalan kurortları ilə bağlı çoxlu müraciətlər olur. «KİTF-2012» sərgisində bu marağın bir daha şahidi olduq. Bundan əlavə, ziyarətçiləri biznes turların təşkili, Xəzər sahilində istirahətin təşkil olunması, ekoloji marşrutlar da maraqlandırırdı. Sərgiyə gələnlərə həmçinin ölkəmizin cənub regionuna reallaşdırılan «Uzunömürlülər» marşrutunu, «İpək Yolu» layihəsi üzrə həyata keçirilən marşrutu təklif etdik».
   Şirkət direktoru sərgi çərçivəsində bir çox əməkdaşlıq sənədləri imzaladıqlarını da dedi: «Sərgi günlərində çoxsaylı əməkdaşlıq təklifləri aldıq. Bu təkliflər həm yerli şirkətlər, həm də sərgidə iştirak edən digər ölkələrin təmsilçiləri tərəfindən idi. Düşünürəm ki, burada bağladığımız müqavilələrin yaxın vaxtlarda bəhrəsini görəcəyik. Son bir neçə gündə həm müalicəvi, həm də beynəlxalq layihələrlə bağlı müraciətlər almışıq».
   R.Quliyev Mədəniyyət və Turizm Nazirliyinə onlara verdiyi dəstəyə görə təşəkkürlərini də bildirdi. Qeyd etdi ki, nazirlik rəsmi olaraq sərgidə təmsil olunmasa da, ziyarətçilərə təqdim etmək üçün onları lazımi reklam-çap məhsulları ilə təmin edib.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar