Əminəm ki, Şuşa da mədəniyyət, sənət və digər sahələrdə turistlərin maraq mərkəzinə çevriləcək.

Bu sözləri Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş “Mədəniyyət” qəzetinə açıqlamasında deyib.

Bələdiyyə başqanı bildirib ki, 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” kimi çoxsaylı tədbirlərə evsahibliyi edən Bursanın bu estafeti 2023-cü ildə Şuşa şəhərinə ötürməsindən qürur hissi keçirir: “Bursa-2022” tədbirləri çərçivəsində bu şəhərə gələn turistlərin sayı daha da artıb. Türk dünyasından gələn turistlərin Şuşaya da axın edəcəyinə ümid edirəm. Bursada Türk dünyası ənənəvi oyunları, Nizami Gəncəvi, Yunus Əmrə ilə bağlı proqramlar, fərqli tədbirlər həyata keçirdik. Bu tədbirlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un da dəstəyi oldu. Bu tədbirlər çərçivəsində qardaş Azərbaycandan çoxlu qonaqlarımız gəldi...”.

Alinur Aktaş Şuşanın da “Türk dünyasının mədəniyyət paytaxtı” olaraq rəngarəng proqramları, gözəl mənzərəsi, tarixi, ənənələri ilə bərabər dünyanın dörd bir tərəfindən turistləri özünə cəlb edəcəyinə ümid etdiyini bildirib: “Biz də bu məsələdə öz təcrübəmizi bölüşməyə və bacardığımız dəstəyi göstərməyə hazırıq. Bursa Türkiyədə turistlərin ən çox gəldiyi şəhərlərdən biridir, “mədəniyyət paytaxtı” olduqdan sonra isə şəhərimizə daha da çox turist gəlməyə başladı. Əminəm ki, Şuşa da turizm, mədəniyyət, sənət və digər mövzularda müxtəlif ölkələrdən insanların maraq mərkəzinə çevriləcək”.

Mehparə Sultanova
Bursa