Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti “N” saylı hərbi hissənin qonağı olub.

Teatrdan verilən məlumata görə, əvvəlcə hərbi hissənin nümayəndəsi çıxış edərək qonaqları salamlayıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə və hərbçilərlə görüşə gəlmiş yaradıcı heyətin üzvləri hərbi hissə rəhbərliyi adından fəxri fərmanlarla təltif edilib.

Teatrın truppa müdiri Ələsgər Muradxanlı belə görüşlərin əhəmiyyətindən danışıb, hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Sonra teatrın aktyor heyəti milli dramaturgiyamızın banisi M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirib.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Nuranə Hüseynova, Natiq Fərzəliyev və Müşfiq Əliyev ifa ediblər. Aktyorların oyunu alqışlarla qarşılanıb.