Dekabrın 27-də görkəmli musiqi xadimi, pianoçu, bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.

Sənətkar yubileyi ərəfəsində “Şərəf” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı sərəncama əsasən, Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Mədəniyyət tariximizdə xüsusi yeri olan məşhur Bədəlbəylilər nəslinin nümayəndəsi olan Fərhad Bədəlbəyli görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olub. 1969-cu ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası; professor M.R.Brennerin sinfi), 1971-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını (dosent B. Davidoviçin sinfi) bitirib. Virtuoz pianoçu dünyanın müxtəlif ölkələrində, mötəbər konsert salonlarında çıxış edib, Azərbaycan musiqisini və ifaçılıq sənətini layiqincə təmsil edib.

Professor Fərhad Bədəlbəyli 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. Bu gün sənətdə böyük uğurlar qazanmış pianoçularımız arasında onun da yetirmələri çoxdur. 1997-ci ildə Azərbaycanın "Şöhrət", 2017-ci ildə "İstiqlal" ordenləri ilə təltif edilib.

Fərhad Bədəlbəylini əlamətdar yubileyi və növbəti dövlət təltifi münasibətilə “Mədəniyyət” qəzeti adından təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində, yaradıcılığında yeni uğurlar arzulayırıq.