28 dekabr Zeynəb Xanlarovanın doğum günüdür...

 

Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin – “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil”, – müdrik kəlamı yada düşür.

O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.

Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehrli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə – Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda doğulub. 1956-cı ildə M.Ə.Sabir adına Pedaqoji Məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Müğənninin repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

Zeynəb Xanlarova çoxsaylı uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan böyük zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb xanım böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.

Onun ifaçılığında emosionallıq, aydın tələffüz, zəngin səs palitrası, səhnə plastikası insanı heyran qoyur. Sənət yollarına hamı kimi çıxsa da, özü kimi addımlamağa qərar verdi və musiqimizin Zeynəb yolunu tapa bildi, yarada bildi.

Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Zeynəb xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyib – keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar Dostluğu” ordenləri. Bütün dünyada məşhur olan “Melodiya” firmasının “Qızıl val” mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləridir.

Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Zeynəb səsi, Zeynəb ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir. Zeynəb Xanlarova təkcə yaşadığı zamanın deyil, bütün zamanların sənətkarıdır. Çünki xoşbəxt bir sənətkar ömrü yaşayıb.

Müğənninin ifasında hər zaman möhtəşəm səslənən, sözləri Nəriman Həsənzadəyə, musiqisi Emin Sabitoğluna aid “Xoşbəxtlik nəğməsi"ndə deyildiyi kimi...

Dünyada nə qədər sərhəd görmüşəm,
Küləklər səsimi hər yana yayıb.
Hər eldə-obada hörmət görmüşəm,
Görüşlər, vidalar unudulmayıb.
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!

İndi elə əziz, doğma yerdəyəm,
Sevinc qanad açıb, uçub sinəmdən.
Nə yaxşı, bu qumlu sahillərdəyəm,
Nə yaxşı, Xəzər var, sən varsan, Vətən!
Özüm bu torpaqdayam, nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!

Darasın saçımı yaz küləkləri,
Həyatı, insanı alqışlayıram.
Mənə bağışlanan gül-çiçəkləri,
Vətənim, mən sənə bağışlayıram!
Sənə minnətdardır nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!

***

Zeynəb Xanlarovanı doğum günü münasibətilə “Mədəniyyət” qəzeti adından təbrik edir, möhkəm cansağlığı arzulayırıq.