Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəni mirasının yaşadılması və təbliği ilə bağlı fəaliyyətində Qazaxıstanla əməkdaşlığa da xüsusi önəm verir. Bu fikir qurumun prezidenti Günay Əfəndiyevanın Qazaxıstana səfəri zamanı keçirdiyi görüşlərdə bir daha vurğulanıb.
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti 20-21 dekabr tarixlərində Astanada keçirilən I Mərkəzi Asiya Media Forumunda iştirak edib. O, səfər çərçivəsində Qazaxıstanın mətbuat və sosial inkişaf naziri Darxan Kıdıralı, mədəniyyət və idman naziri Dauren Abayev, həmçinin xarici işlər nazirinin müavini Adil Tursunov və Qazaxıstan Parlamenti Senatının sədr müavini Askar Şakirov ilə görüşüb.
Qazaxıstan xarici işlər nazirinin müavini Adil Tursunov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayıb, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduqlarını bildirib.
Askar Şakirov da Qazaxıstanın zəngin tarixi və mədəni irsinin tanıdılmasında fond ilə tərəfdaşlığın vacibliyini qeyd edib. Günay Əfəndiyeva Askar Şakirova Qazaxıstanın böyük şairi, bəstəkar Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada çap edilmiş poçt markasını təqdim edib.