Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi açılıb.

Sərgidə milli koloritli natürmortlar, portretlər və Moskva vilayətinin peyzajları nümayiş etdirilir.

Pavilyonun direktoru Səadət Qədirova sərgi barədə söhbət açaraq deyib: “İstedadlı rəssam Əsgər Məmmədovun maraqlı taleyi var. Həyatın sınaqları ilə üzləşdiyi insanlar istedadlı olur. Biz “Azərbaycan” pavilyonunda Əsgər Məmmədovun nara həsr edilmiş sərgisini açırıq. Nar bərəkət və sərvət rəmzidir. Mənim fikrimcə, nar dənələrinin bir-birinə bağlılığı biz azərbaycanlıların hamısı üçün birlik rəmzidir”.

Rəssam Əsgər Məmmədov Qarabağda uşaqlıq illərini xatırlayaraq qeyd edib ki, simvolizm baxımından nar azərbaycanlıların həyat tərzini ifadə edir. O deyib: “Buna görə də yaradıcı fəaliyyətimin son illərini nara həsr etmişəm”.