Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilib. Kitabxanadan verilən məlumata görə, tədbirdə yazarlar, tələbələr iştirak ediblər.

Direktor Aslan Cəfərov müəllif haqqında məlumat verərək qeyd edib ki, indiyə kimi altı romanı çap olunan E.Kəlbiyevin kitabları Respublika Gənclər Kitabxanasının fondunda yer alıb və oxucular arasında bu əsərlər böyük maraq var.

Tədbirdə iştirak edən qonaqlar E.Kəlbiyevin qələmə aldığı əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları daim diqqətdə saxlayan süjet xətti haqqında danışıblar.

Elbrus Kəlbiyev haqqında söylənilən dəyərli fikirlərə görə minnətdarlığını bildirib, təqdimatın təşkili və oxucularla ünsiyyət imkanı üçün kitabxana kollektivinə təşəkkür edib.

Sonda müəllif kitabını imzalayaraq iştirakçılarına bağışlayıb.