Bakıdakı Rus Evində Azərbaycan balet sənətinin əfsanəvi artistləri, ailə cütlüyü Çimnaz Babayeva və Vladimir Pletnyovun həyat və yaradıcılığına həsr edilmiş “Əbədi duet” adlı sənədli-bioqrafik filmin ilk nümayişi olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Rus Evinin rəhbəri İrek Zinnurov xüsusilə gənc nəslin milli balet tarixini öyrənməsinə dəyərli töhfə olan filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

Filmin ideya müəllifi Çimnaz Babayevanın şagirdlərindən biri – balet artisti Samir Səmədovdur. O, filmdə nadir arxiv materiallarından istifadə edib.

Xalq artisti, məşhur balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva 23 dekabr 1946-cı ildə Bakıda doğulub. 1964-1977-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, daha sonra teatrda baletmeyster kimi fəaliyyət göstərib. 23 dekabr 2019-cu ildə vəfat edib.

Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov 8 dekabr 1946-cı ildə Göyçayda anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. 21 fevral 1988-ci ildə dünyasını dəyişib.

Film Azərbaycan və ingilis dillərinə dublyaj edilib.