Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Gücümüz həmrəyliyimizdədir” adlı konsert təşkil olunub.

Akaki adına Aktyorlar Evində keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Proqram gürcü müğənnilərinin ifasında “Ay Laçın” mahnısı ilə açılıb.

Muzeyin əməkdaşı Leyla Əliyeva tədbirə toplaşanları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, bu əlamətdar bayramın əhəmiyyətini qeyd edib.

Sonra gürcü müğənni Dito Kisişvili, aşıq Nargilə Mehdiyeva, Azərbaycanın Əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikova, azərbaycanlı və gürcü müğənnilər, "Ceyran" və "Melitassy" rəqs ansamblları konsert proqramı ilə çıxış ediblər.

Tədbir çərçivəsində 2022-ci ildə muzeyin fəaliyyətini işıqlandıran, eləcə də Azərbaycan –Gürcüstan dostluq əlaqələrinin inkişafında fərqlənən jurnalistlər mükafatlandırılıb.

Konsert gənc tarzən Ramin Pirməmmədovun “Qurban olum, Azərbaycan” mahnısı ilə başa çatıb.