«Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı Azərbaycan mehmanxanaları artıq 5 mindən çox turistdən sifariş alıb. Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, bu rəqəm yalnız mehmanxanalarda qeydiyyatda olanların sayıdır: «Amma fərdi evlərdə qalanların sayını dəqiqləşdirmək mümkün olmadığından, hələ ki, nə qədər turist gəldiyi bəlli deyil. Ümumilikdə isə əsas turist axını mayın 21-dən sonra gözlənilir. Müsabiqənin finalı keçiriləcək gündən bir gün əvvəl, yəni mayın 25-də isə daha çox insanın Azərbaycana gələcəyini proqnozlaşdırırıq. Çünki elə turist var ki, ancaq finala gəlmək istəyir. Ona görə də həmin günlərdə rekord sayda turist gözləyirik».
   Nahid Bağırov Bakıda fəaliyyət göstərən mehmanxanalarda yer olmayacağı təqdirdə, gələn insanların gəmilərdə də yerləşdiriləcəyini dedi. Onun sözlərinə görə, bu məqsədlə artıq üç gəmi ayrılıb: «Həmin gəmilər sahildə - “Yaxt-klub”un yanında lövbər salıb. Hər gəmidə ən azı 100 nəfəri yerləşdirmək mümkündür».
   AZTA sədri “Eurovision-2012” müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini bildirərək qeyd etdi ki, hotellərdə kifayət qədər əlavə yerlər qalıb: «Mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunur. Bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxırlar».
   O ki qaldı qonaqlara təqdim edilən xidmətin səviyyəsinə, həmsöhbətimizin fikrincə, qonaqların hamısı onlara göstərilən diqqət və xidmətdən razıdır. Onlar üçün gündə iki dəfə Qobustana, Abşerona, gündə bir dəfə isə Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə turlar təşkil olunur.
   N.Bağırov turistləri müşayiət edən bələdçilərdən də danışdı: “Eurovision” qonaqlarına xidmət göstərmək üçün kifayət qədər bələdçi var: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm İnstitutunda təşkil edilmiş bələdçi kurslarının 30-a yaxın dinləyicisi Bələdçilərin Dövlət Attestasiyası Komissiyası tərəfindən sertifikat alıb. Onların hamısı AZTA tərəfindən tədbirlərə cəlb olunub. Bu bələdçilər müxtəlif marşrutlar üzrə qonaqları müşayiət edəcək”.
   

  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar