Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına və aidiyyəti qurumların həmin ərazilərdə monitorinqinə imkan verilməməsinə etiraz olaraq QHT təmsilçiləri və ictimai fəallar dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində dinc aksiya keçirirlər.

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Dinc aksiya iştirakçıları 2022-ci ilin son gününü də yüksək əhvalda keçiriblər. Yeni il münasibətilə ərazidə şam ağacı da quraşdırılaraq bəzədilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər. Onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər. Aksiya iştirakçılarının əhval-ruhiyyəsi yüksək səviyyədədir.