Bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza müraciətində bildirib.

Bu qayıdışı tarixi hadisə adlandıran dövlətimizin başçısı deyib: “Çünki müharibədən iki il keçmədən – cəmi ilyarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdırlar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər”.

Laçın şəhərinin işğaldan azad edilməsi barədə danışan Prezident bildirib ki, avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran dövlət başçısı deyib: “Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.

Prezident azad edilmiş ərazilərdə tarixi binaların, məscidlərin əsaslı şəkildə bərpa olunduğunu da diqqətə çatdırıb: “Ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir”.

Prezident müraciətinin sonunda deyib ki, dünyada yaşayan bütün soydaşlarımız bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır: “Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır. Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır”.