Milli Arxiv İdarəsi tərəfindən dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti Niyaziyə (1912-1984) həsr olunmuş virtual sərgi hazırlanıb.

İdarədən bildirilib ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şəxsi fondlarının sənədləri əsasında hazırlanan sərgi Niyazinin anadan olmasının 110-cu ildönümünə həsr olunub.

Maestronun həm keçmiş ittifaq miqyasında, həm də bütün dünyada Azərbaycan musiqisinin tanıdılmasında müstəsna xidmətləri olub. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı da bilavasitə onun adı ilə bağlıdır. Niyazi dünyanın bir sıra ölkələrinin simfonik orkestrlərini uğurla idarə edib.

Niyazi dirijorluqla yanaşı, zəngin yaradıcılığa malik bəstəkar kimi də tanınıb, bir sıra janrlarda dəyərli əsərlər yazıb. Bəstəkarın ən məşhur əsərləri arasında “Rast” simfonik muğamı xüsusi yer tutur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://www.milliarxiv.gov.az/az/virtual-sened-sergileri-niyazi-110 linkindən istifadə edə bilərlər.