Almaniyalı Robert Vittes: «Artıq tez-tez səfər edəcəyim ölkələr arasında Azərbaycan ilk sıralarda olacaq»
   
   Mayın 19-dan Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının arxasında «Eurovision» mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biri olan “Eurovision villası” («Eurovision Village») fəaliyyətə başlayıb.
   
   Açıq sahədə yaradılan bu məkan 5330 kv.metr ərazini əhatə edir. Müsabiqənin keçirildiyi «Bakı Kristal Zal»dan 3 km məsafədə yerləşən «Eurovision Village»də “Azercell” şirkəti xüsusi səhnəsini təqdim edib. Mayın 27-dək fəaliyyət göstərəcək bu məkanda gündəlik şou proqramların, müxtəlif konsertlərin, əyləncə və müsabiqələrin, «Eurovision»a aid aksessuarların satışı həyata keçirilir.
   
   «Eurovision-2012»nin rəsmi məhsullarının satış-sərgisi
   
   «Eurovision Village» ərazisində ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər öz məhsullarını nümayiş etdirir. Girişdə «KAPPA» və «Badge» şirkətlərinin Azərbaycandakı distribüterlərinin təşkilatçılığı ilə lövhə qurulub. Burada bu firmalara məxsus üzərində «Eurovision-2012»nin simvollarını əks etdirən rəsmlərin yer aldığı aksessuarlar, köynəklər, papaqlar və s. satılır.
   Burada ölkəmizdə fəaliyyət göstərən müxtəlif ali məktəblərin xarici dil bilən tələbələri çalışırlar. Ali İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin tələbəsi Tamerlan İsmayılovun sözlərinə görə, buraya elan vasitəsilə gəlib. Müsabiqə ilə seçilən tələbələr mayın əvvəlindən treninq keçiblər. Həmsöhbətimiz qeyd etdi ki, gün ərzində onlara yüzlərlə insan yaxınlaşıb alver edir. Bunların arasında yerli vətəndaşlar da var, xaricilər də.
   Öz məhsullarını təqdim edən şirkətlər arasında «SW Travel» də var. Şirkətin təmsilçiləri onlara müraciət edənlərə öz xidmətləri ilə yanaşı, Azərbaycanın turist xəritəsini də təqdim edirlər.
   
   Qonaqlara Azərbaycan haqqında bütün məlumatlar çatdırılır
   
   «Eurovision Village»nin rəsmi tərəfdaşlarından biri də Mədəniyyət və Turizm Nazirliyidir. Burada nazirliyin 50 kv.m sahədə xüsusi lövhəsi quraşdırılıb. Azərbaycan Turizm İnstitutunun tələbələri müraciət edən qonaqlara «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn xarici turistlər üçün nazirlik tərəfindən həyata keçirilən «Bakı Şəhər Turu» layihəsi, eləcə də turizm şirkətləri tərəfindən təklif olunan «Bakı-Abşeron» və «Bakı-Şəki» turları haqqında məlumat verirlər. Stend ingilis dilində 24 növ müxtəlif reklam-çap məhsulları və digər təbliğat materialları ilə təmin olunub.
   ATİ-nin 3-cü kurs tələbəsi Oruc Şamilli Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətində təcrübə keçdiyini deyir. Mayın 19-dan isə nazirliyin burada quraşdırılmış lövhəsi qarşısında qonaqlara lazımi məlumatları verir: «Bizə daha çox xarici turistlər müraciət edir. Əksəriyyəti də Azərbaycanın turist xəritəsi ilə maraqlanır. «Bakı - Abşeron» və «Bakı - Şəki» turları haqqında məlumat almaq istəyənlər də çox olur. Elələri də var ki, artıq bu turlarda iştirak ediblər. Gəlib bizimlə təəssüratlarını bölüşürlər. Gün ərzində bizə 70-80 xarici turist müraciət edir. Onların çoxu Rusiya və Avropadan gələnlərdir. Çalışırıq onlara ölkəmiz haqqında dolğun məlumatlar verək. Məncə, bizə müraciət edənləri məmnun edə bilirik».
   Biz orada olanda bir nəfər əcnəbi qonaq lövhəyə yaxınlaşdı. Fürsətdən istifadə edib ondan təəssüratlarını soruşduq. Almaniyanın Ştutqart şəhərindən gəldiyini deyən Robert Vittes biznesmendir. Azərbaycana ilk dəfə gəlib. Bakıda qarşılaşdığı mənzərə onun üçün yaxşı mənada sürpriz olub: “İndiyə qədər Azərbaycana gəlmədiyimə, bu ölkəni tanımadığıma görə, sadəcə, təəssüflənirəm. Çox gülərüz, mehriban insanlarınız var. Mən «Eurovision» müsabiqəsinin keçirildiyi bir çox ölkələrdə olmuşam. Tam əminliklə deyirəm ki, musiqi yarışması bu vaxta qədər tək-tək ölkələrdə belə möhtəşəm təşkil olunub. Mən gəzməyi çox sevirəm. Artıq tez-tez səfər edəcəyim ölkələr arasında Azərbaycanın adı ilk sıralarda olacaq».
   Qeyd edək ki, «EuroVillage» ərazisinə giriş sərbəstdir. Bakı sakinlərini və paytaxtın qonaqlarını bu maraqlı məkana baş çəkməyə dəvət edirik.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar