Britaniya Muzeyi və Afinadakı Akropol Muzeyi illərdən bəri mübahisəsi davam edən  Parfenon mərmər abidələri məsələsində, deyəsən, bir razılığa gələ biliblər. “Bloomberg”in məlumatına görə, tərəflər tezliklə Parfenon abidələrinin Britaniyadan Yunanıstana qaytarılması ilə bağlı saziş imzalayacaqlar. 

Antik dövrün möhtəşəm arxitektura kompleksi – Afina Akropolundakı Parfenon mərmər abidələri ilə bağlı Yunanıstan və Britaniya arasında mübahisə XIX əsrdən davam edir.

Bu abidələr 1802-ci ildə Osmanlıdakı ingilis səfiri Tomas Brüs Elginin iştirakı ilə Afinadan Londona aparılıb. O dövrdə Yunanıstan Osmanlı imperatorluğunun tərkibində idi və səfir bunun üçün Osmanlı Sultanın icazəsini almışdı. Bu əsərlər 1816-cı ildə ingilis hökuməti tərəfindən satın alındıqdan sonra Britaniya Muzeyində nümayiş olunur.

O vaxtdan bəri yunan tərəfi dəfələrlə abidələri qaytarmaq üçün cəhd edib. XX əsrin 80-ci illərində mübahisə iki ölkə arasında diplomatik konfliktə gətirib çıxarmışdı.

2017-ci ildə Avropa Komissiyası da bu məsələyə qarışmış, bir nəticə hasil olmamışdı. Çünki Avropa Komissiyasının “Üzv dövlətlərin ərazisindən qeyri-qanuni olaraq ixrac olunan mədəni obyektlərin qaytarılması haqqında” 15 mart 1993-cü il tarixli direktivi yalnız həmin ildən sonra baş vermiş bu cür əməllərə şamil edilir və geriyə qüvvəsi yoxdur.

2021-ci ildə isə Britaniyanın Baş naziri Boris Conson qəti şəkildə bildirmişdi ki, Britaniya Muzeyində saxlanılan 2500 illik Parfenon mərmərləri Yunanıstana qaytarılmayacaq. O qeyd etmişdi ki, yunan xalqının bu məsələ ilə bağlı hisslərini başa düşür, lakin mərmərlərin qanuni sahibi Britaniyadır. Parfenon abidələri Lord Elgin tərəfindən həmin dövrdə qüvvədə olan qanunlara uyğun şəkildə əldə edilib. O vaxt Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mərmərlərin Afinaya qaytarılması əvəzində Londona əhəmiyyətli əsərlər verməyə hazır olduqlarını demişdi.

Maraqlıdır ki, bir müddət əvvəl “The Times” qəzetində bu mövzuda London sakinləri arasında bir sorğunun nəticələrinə əsasən dərc olunan yazıda respondentlərin yarısının abidələrin Afinaya qaytarılmasına tərəfdar olduğu qeyd edilmişdi.

V.Kamal