Saatın zəngindən əvvəl yuxudan oyandım. Əslində, heç yatmamışdım da. Ağacda sərçə misalı mürgüləmişdim. Yenə yol və onun sevinc-həyəcanı ürəyimi yerindən çoxdan oynatmışdı.
Vədələşdiyimiz vaxtda – sübhün ilk işartısında çatdım Qış parkına. Mənim kimi yol həyəcanı sevincinə qarışıb üz-gözündən axan yol yoldaşlarım artıq orada idilər. Səhərin qış sazağında var-gəl edir, tez-tez saatlarına baxırdılar...
30 dekabr – ilin-günün bu vədəsində yolumuz uzaq-yaxın elimizə, illərdir düşmən tapdağında inlədikdən sonra azad nəfəs alan, qucağını sonuna qədər Vətən balalarına açan Zəngilan torpağına idi...
İtən izlərin ardınca
Bu, işğaldan azad olunmuş ərazilərə üçüncü gedişim idi. Amma yenə də ilk dəfənin həyəcanı birə-beş artmışdı. Bu hissdə sözsüz ki, yol yoldaşlarımın da payı var idi. Şüşə tərəfdə oturub gözü yol çəkən, özünü görəcəyi xarabalıqlara hazırlayaraq təsəlli verən, bu əhvalı yoldaşlarına da ötürən əslən Qarabağdan olan rejissor Səidə Haqverdiyeva, özü bakılı olsa da, “ruhən Şuşada doğulmuşam” deyən aktrisa Ülviyyə Əliyeva, Qubadlıdan 8 yaşında çıxıb, məsum uşaqlığını da orada qoyub gələn, həyatı qovğalarda keçən kukla aktyoru Cavid Telman, hər iki Qarabağ müharibəsində doğmalarını itirən və bu itkilər ilə yaşını bəlkə də yüzə qatan Gülər Məlik, muncuq kimi parıldayan gözlərindən təbəssüm saçılan “Oyuq”çular kənardan elə kövrək görünürdülər ki.
Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əslən Cəbrayıl rayonundan olan, lakin uşaqlığı baba yurdu Zəngilanda, Ağalı kəndində keçən Gülnar Hacıyevanın isə nə bəbəkləri, nə də dili kirimirdi. Yanaqlarına süzülən yaşı silməyə belə macal tapmırdı. Çantasından çıxardığı çoxdan saralmış şəkilləri göstərib, hey danışırdı. Biz onu eşidirdik. Lakin kövrəlmək, qəhərlənmək, ağlamaq istəmirdik. Yəqin bunu heç o torpaqlar da istəmirdi. Amma son dedikləri ürəyimə saplandı. O, “Ömrüm bəlkə də yarı olub. Çox şeyi tapıb itirmişəm. Amma ömrümün 27 ilinin izinə heç yerdə rast gəlməmişəm” deyib avtobusdan düşdü...
...Yolboyu ilk posta çatdığımızda günəş gözlərimizi qamaşdıracaq qədər qalxmışdı. Yolboyu dağıntılar ara-sıra boy verən ağacların arxasında gizlənməyə “çalışırdılar”. Əslində isə biz onları görməmək üçün daha uzaqlara – irəli baxırdıq. Bu an yadıma yazar dostumun sözləri düşdü. Deyir “Biz üç uşaq olmuşuq. Ağaclar da evimizdən aşağıdakı bağçamızda idi. Qapımız qənbər döşəməli idi. Amma illər sonra evimizi tapanda mat qaldım. Düz bizim uşaq otağımızın ortasında üç ağac çıxmışdı. Tez qonum-qonşunun da ev yerlərinə baxdım. Elə idi. Nə qədər uşaq var idisə o qədər ağac saydım. Oturub doyunca ağladıqdan sonra bizim otağın yerindən çıxan heyvadan dərib, alakal olsa da, gözümə təpirmiş kimi yedim. Mən də illərdən hayıfımı belə çıxdım. Özü də yenə özümdən. Axı, heyva yeməyi heç vaxt sevməmişdim”.
Qeyri-ixtiyari evlərin xarabalıqlarından ucalan ağacları saydım. Bir, iki, üç, dörd... hə, demək bu evdə dörd uşaq olub. Təpədəki evin yerində isə yeddi ağac saydım. Maşallah, böyük ailə olublar dedim ürəyimdə. Sonra duruxdum. İlahi, görəsən hamısı sağdılar?! İtib-batdım bu sualın ağırlığında.
Füzulinin, Cəbrayılın həndəvərindən ötüb “Zəngilan” yazılan lövhəyə çatdıq. Yuvasından uçuşan bal arıları kimi lövhəni dövrəyə aldıq. Sonra yolumuza davam etdik. Bir az getmişdik ki, qatı duman çökdü. Özüm üçün bunun mistik izahını tapmışdım: qurulan, gözəlləşən, əvvəlki şanına qayıtmaq istəyən Zəngilanda, onun ağayana Ağalısında işğaldan qalan viranəlikləri görməyimizi fələk də istəmir, yəqin.
Özü də burada ruhun real təsəlliləri daha çoxdur. Götürək yolumuzun sağında bizi ta Zəngəzura aparacaq dəmiryolu xəttini, sağda sürətli magistral yolda tamamlama işləri aparan texnikaların gurultusunu.
Dumanın “icazə” verdiyi məsafədən qaynar həyat – hər yanda binəsi qoyulan tikililər, minadan təmizlənərək əkin-biçin üçün şumlanan ərazilər göz oxşayır.
Dağıntıların altından çıxan arzular
Ağalı kəndinə burulan yolun üstündəki təpə kənd qəbiristanlığı olub. Vəhşi düşmənin goreşən kimi uçurub-dağıtdığı məzarlıq, bünövrəsi qalan evlərin yerlərinə baxdıqca nifrətin ölçüsünü də itirirsən.
Yol yoldaşım Səidənin özündən qeyri-ixtiyari pıçıltı ilə dediyi “Narahat olma, elim-obam. Sən yenə cənnətə dönəcəksən. Yenə o evlər tikiləcək. Onların içərisində gəlinlərə toy xınası yaxılacaq, uşaqların gülüşləri cingildəyəcək, yenə çinarların gövdəsi balacaların gizlənqaç yeri olacaq” arzusu sükutu pozdu.
Xarakterinə xas yumorla bayaqdan duruxan Cavid “İnşallah, təzə yol açılsın, Qubadlımıza gedim, görün nə edəcəm. İlk işim sürət həddin keçib bütün radarlara düşmək, yol polisləri ilə mübahisə olacaq” deyib güldü.
Yolboyu əhvalımızı qaldırmaq üçün oxuduğumuz və soyuğa rəğmən açdığımız pəncərələrdən sarı-boz çöllərə səpdiyimiz nəğmələr – “Yaşa, Azərbaycan!”, “Can Qarabağ”, “Şuşanın dağları”, “Xudayar təsnifi”... ilə uzaqdan yaşıl damlı evləri nəinki düşmənə, həm də bütünlükdə dünyaya meydan oxuduğu Ağalıya çatdıq.
Sayma, ötən illəri...
Əzəmətli alaqapıdan mənə görə dünyanın ən gözəl kəndinə daxil oluruq. Kəndin mərkəzindəki meydana toplaşan xoşbəxt sakinlərə bir göz qırpımında qaynayıb-qarışırıq. Kəndin uşağından ahılına demək olar ki, hamı meydanda idi. Al-əlvan geyinmiş uşaqlar, bayram libaslarına bürünmüş böyüklər, kəndin inzibati binalarının açıq pəncərələrindən boylanan gənclər necə məsud görünürlər.
Onların sevincinə şərik olmaq üçün gələn teatr, səhnə, sənət təmsilçiləri lap sevincək idilər.
Düz 27 ildən sonra kəndin Yeni il təntənəsində, el bayramında onlar da iştirak edəcəkdilər.
Məlumat üçün deyim ki, dekabrın 30-da Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi. Bayram mərasimi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilmişdi.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza iştirakçıları salamlayaraq bu tədbirin illər sonra bir araya gəlib, birlikdə bayram yaşayan hər kəsin çoxdankı arzusu olduğunu dedi. Yenidən qurulan, öz əzəli şöhrətinə qayıdan yurd yerlərimizdə belə sevinc dolu illər yaşamağı arzuladı.
Şaxta baba və Qar qız, Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı vokalçıları, Gənc Tamaşaçılar Teatrının və Füzuli Dövlət Dram Teatrının aktyorları, Bakı Dövlət Sirkinin sehrbazlarının iştirakı ilə yaddaqalan, maraqlı bayram proqramı təqdim olundu. Kəndin balaca sakinlərinə bayram hədiyyələri verildi.
Gəz, gör...
Fürsət tapıb kəndi başdan-ayağa gəzə bildim. Xatırladım ki, Ağalıda hələ ki 66 ailə yaşayır.
Bir və iki mərtəbəli, ən müasir texnologiya ilə inşa edilmiş binaları ilə sakinlərin ixtiyarına verilən Ağalı kəndinin səliqəli küçələrini gəzdikcə özünü tam başqa bir məkanda, inkişaf etmiş Avropa şəhərlərindən birində təsəvvür edirsən. Bu sakitlik və gözəllik içində yolda çəkilmiş velosiped xətti ilə başıaşağı yeriyirdim ki, qış günəşində yanaqları közərən yumrusifət oğlan qənşərimdə dayanıb “Xala, səkiynən gedin. Az qala sizi vuracaqdım. Bura bizim üçündü” deyib velosipedini sürətləndirmək üçün ayaqlarını işə saldı. Balaca bacısı da onun izi ilə. Bu an bayaqdan eşitmək istədiyim səsə döndüm. “A bala, əylən, gəl bir stəkan çay iç” çağırışına bənd imiş kimi açıq darvazaya yanaşdım. Ayaqları güclə sözünə baxan yaşlı qadın mehriban təbəssümü ilə irəlilədi. “Orda durma, yad döyülsən ki, keç içəri” deyib ərk ilə qoluma toxundu.
Tanış olduq. Mariya nənə kəndə ilk köçənlərdəndir. Gəncliyini, ev-eşiyini, özü demiş “olub-olacağını” illər əvvəl burada qoyub canını götürüb çıxmışdı. Şirin şivəsi ilə deyir: “Şükür, qocalıqda da olsa, qayıdıb gəldim kəndimə. Odur e, o yalın başındakı dədəm evinin xarabalıqlarıdı, bax o təpədəki qəbiristanlıqda da doğmalarım yatır. Kor qalmış ermənilər qəbirləri də dağıdıblar. Neynək, şükür ki, qayıtdım yurduma. Bala, hər il ölərəm, məni də qərib dəfn edərlər deyib ağlayırdım. Deyirdim, ya Rəbb, macal ver yurduma qayıdım. İndi day ölüb eləmək istəmirəm. Düşmənin acığına hələ burda xeyli yaşayacam. Bax, orda əkdiyim ağacların barından da yeyəcəm, inşallah. Baxma e mənim yaşlı görünməyimə, hələ sağlamam. Yaş demişkən, bir əmim arvadı vardı. Deyirdik bu gün ömrünü tapşırar, sabaha çıxmaz. Ay başına dönüm, arvad buriya gələndən dirçəlib. İncəvardan o qada-balası da çıxıb gedib. Bə nə bilmişdün, yurd belədi da. Bizi qəriblik öldürürdü...”. O, qırışmış əllərini göyə qaldırıb şükür elədi. İsrarla etdiyi çay dəvətinə “növbəti dəfə gələndə mütləq” vədi ilə sağ ol deyib yoluma davam etdim.
Bir az getmişdim ki, ana qazın üstümə fısıldaması ilə heç bilmədim özümü hansı qapıya atdım. Cəsur qaz məni evin pilləkəninə qədər qovdu. Səsimizə çıxan ev sahibəsi “Qorxma, heş zad eləməz. Elə bilir balasına dəyəssən” deyib qazı qovdu. Hiss elədim, gülmək istəyirdi, sadəcə, mən inciməyim deyə özünü zorla saxlamışdı. Azca dodağımın qaçmağını görüb qəşş elədi. Qazların sahibəsi Mətanət xanım özü də mətanətli, güclü qadındır. Dörd oğlunu təkbaşına böyüdüb. Həyat yoldaşını erkən itirsə də, köçkün kimi yerləşdikləri Sumqayıtdakı yataqxanada onlara yoxluğu hiss etdirməmək üçün gecə-gündüz çalışıb.
İndi oğlanlarının Ağalı kəndindəki evlərində (hamısı evlidir) pöhrələnən ağaclara qulluq edir, göy-göyərti səpir, toyuq-cücə saxlayır. Deyir “Elə bilirəm təzə gəlin gəlmişəm. Özüm Laçındanam. Xalam oğlu bu kənddən idi deyə bura gəlin gəldim. Düşməni xar olsun, yurdumuzu dağıdıb, bizi didərgin etdi. Nə təzə gəlinliyim qaldı, nə sevincim. İndi elə bilirəm o çağıma qayıtmışam. İnsan gəncliyi, xoşbəxt günləri geridə qoyammır. Şükür bu günümüzə. Nəvələrimlə, övladlarımla, gəlinlərimlə doğma yurdumuzda bərqərar olub, istər burada, istər qəriblikdə uyuyan doğmalarımızın ruhların şad edəcəyik”.
Gedək ki, yenə qayıdaq
Tədbirin ardınca Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin gülərüz, səbirli və işinin peşəkar əməkdaşı Cahid bəy bizi gördüyümüz və gələcəkdə görəcəyimiz, hazırda iş gedən sahələrlə tanış etdi. Kəndin məktəbi, uşaq bağçası, istehsalat sahələri və “ağıllı kənd” Ağalının idarəetmə mərkəzində olduq. “Arximed” qurğusuna baş çəkib, çayın kənarında xeyli dolaşdıq. Onun bu günün və gələcəyin işləri ilə bağlı ürəklə danışdıqlarını bu yazıya sığışdıra bilməsəm də, Ağalıdan çıxanda keçirdiyim hissləri ərz etməyə çalışaram: bu kəndin timsalında işğaldan azad bütün yurd yerlərimiz belə gözəl, bənzərsiz və abad olacaq...
Həmidə Nizamiqızı
Bakı-Zəngilan-Bakı