Bakıda “STEAM İnnovasiya Mərkəzi” istifadəyə verilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 5-də Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli  binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün qarşıya çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün tədris ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməlidir. Bu məqsədlə Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını – kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Mərkəzin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən dəyərin əyani təzahürüdür.

Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılması mühüm təhsil və elm hadisəsi olmaqla yanaşı, müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq olunan təhsil yeniliklərinə ölkəmizin nə qədər açıq olmasının göstəricisidir. Mərkəzdə həm məktəbyaşlı uşaqlar, həm də tələbələrin istifadəsi üçün kifayət qədər geniş imkanlar var.

Mərkəz elm, texnologiya və incəsənəti bir araya gətirərək multidissiplinar müstəvidə və fənlərarası münasibətlər konteksində yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək.