“Heydər Əliyev İli” elan olunan 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən silsilə tədbirlərin təşkili, müxtəlif elmi əsərlərin nəşri nəzərdə tutulur. Bu barədə AMEA Rəyasət Heyətində keçirilən müşavirədə müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər və nəşr ediləcək əsərlər, Heydər Əliyev epoxasının reallıqlarını cəmiyyətə çatdırmaqla bərabər, müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətləri də elmi əsaslarla əks etdirməlidir. Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə Azərbaycan-Türkiyə birgə elmi konfransının keçirilməsi də planlaşdırılır.

İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli” ilə əlaqədar akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatlarda qarşıdakı həftədən etibarən tədbirlərin keçirilməsi müəyyənləşdirilib.

Müşavirədə AMEA-da 2023-cü ildə keçiriləcək struktur islahatları və diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli olan elmi problemlər haqqında da tapşırıqlar verilib. Akademiyada elektron sənəd dövriyyəsinə keçid, problem şuralarının fəaliyyətinin optimallaşdırılması, yekun elmi hesabatların müzakirələrinin miqyasının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.