Yanvarın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenidən təqdim olunacaq.

Teatrdan verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Böyük bəstəkar Üzeyir Hacıbəylinin dahi şair Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvarda) Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera idi. İlk tamaşaya aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı. Üzeyir bəyin seminariya yoldaşları olan musiqiçilərdən ibarət orkestrə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev dirijorluq etmişdi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi.

Üzeyir Hacıbəylinin ölməz əsəri 115 ildir opera səhnəmizi bəzəyir.