Azərbaycan Respublikasının “Qırmızı kitab”ının nəşrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən AMEA ilə əlaqəli təşkil edilir. “Qırmızı kitab”ın III nəşri üzrə işə 2019-cu ildə başlanılıb. Artıq işlər yekunlaşmaq üzrədir və nəşr bu il işıq üzü görəcək.

Bu barədə məlumat verən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifələrin icrası üçün aidiyyəti institutlar və alimlər tərəfindən yerinə yetirilib.

Akademik diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilmişdi. II nəşr ümumilikdə 330 bitki növünü əhatə etmişdi. III nəşrinə daxil edilmək üçün ümumilikdə 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir.

“Qırmızı kıtab”ın I nəşrində 108 növ heyvan adı yer alıb. II nəşrə isə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaq.

“Qırmızı kitab”ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin kitabdakı sıralanması müəyyənləşdirilib.