Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə «Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı mayın 15-dən «Baku City Tour» (“Bakı şəhər turu”) adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində mayın sonunadək davam edəcək turlar hər gün saat 10.00-dan başlayaraq (hər saatdan bir olmaqla) axşam 20.00-dək davam edir. İkimərtəbəli, müasir standartlara cavab verən avtobuslarla şəhərimizin qonaqları və paytaxt sakinləri Bakının müxtəlif görməli yerlərindən keçir, şəhərin tarixi, arxitekturası, turizm imkanları ilə bağlı məlumat alırlar.
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, gün ərzində 200 nəfərdən çox turist paytaxtla tanış olmaq imkanı əldə edir: «Hər avtobusda 35-40 nəfərdən 25-i əcnəbilər olur”.
Həmsöhbətimiz qeyd etdi ki, hər marşrutun davam etmə müddəti 3 saat 50 dəqiqədir. Şəhər turu çərçivəsində 7 dayanacaq mövcuddur: Azadlıq meydanı - Qız qalası - Füzuli meydanı - İzmir parkı - Cavid parkı - Milli Məclis və Funikulyor. Bundan sonra avtobus «Eurovision»un keçirildiyi arenanın yaxınlığında - Dövlət Bayrağı Meydanında dövrə vurub yenidən Azadlıq meydanına qayıdır: «Turistlər bütün dayanacaqlarda qoyulmuş lövhələrdən marşrutun günün hansı saatlarında haradan keçəcəyi barədə məlumat ala bilirlər. Dayanacaqlarda qoyulan xüsusi qutularda Bakının turist xəritəsi, müxtəlif turistik məkanlar haqqında buklet və broşürlar yerləşdirilib. Marşrut müddətində turistləri rus və ingilisdilli bələdçilər müşayiət edir”.
Qeyd edək ki, «Baku City Tour» mayın 30-dək ödənişsiz fəaliyyət göstərəcək.
Fəxriyyə