Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə 2023-cü il Ulu öndər, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bölgələrdəki mədəniyyət müəssisələrində əlamətdar illə bağlı bir sıra tədbirlər keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şirvan Şəhər Mərkəzi Kitabxanasında “Heydər Əliyev İli” Ulu öndərə ümumxalq məhəbbətinin ifadəsidir” adlı tədbir təşkil olunub. Kitabxananın əməkdaşları Heydər Əliyevin həyatı və fəaliyyəti, Heydər Əliyev irsinin kitabxanalarda təbliği və digər mövzularda çıxış ediblər.
Hacıqabuldakı Heydər Əliyev Mərkəzində rayon MKS-lə birgə keçirilən tədbirdə əvvəlcə kitab sərgisinə və Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolara baxış olub. Çıxış edənlər bütün mənalı ömrünü Azərbaycanın etibarlı gələcəyinə həsr etmiş Heydər Əliyevin həyat və fəaliyyətindən, Vətən-xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Sonda “Əbədiyyət yolu” sənədli filmi nümayiş olunub.
***
Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev İli” ilə əlaqədar “Tarix yaradan şəxsiyyət” adlı kitab sərgisi təşkil edilib.
***
Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Böyük siyasətçinin ömür yolundan bəhs edən “Salnamə” sənədli filmi nümayiş olunub.
***
Şəki RMİ Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış edənlər Ümummilli liderin ölkəmizi mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmasından, xalqımıza müasir müstəqil Azərbaycan dövlətini miras qoymasından danışıblar. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər.
***
Ağstafa RMİ Ağstafa Rayon Mərkəzi Kitabxanasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib. Tədbirdə diqqətə çatdırılıb ki, Heydər Əliyevin tariximizdəki misilsiz fəaliyyəti mədəniyyətin müxtəlif sahələrində də əksini tapıb. Qeyd olunub ki, Ağstafa rayon MKS-də il ərzində böyük rəhbərin 100 illiyinə həsr olunmuş kitab sərgiləri, şeir və inşa müsabiqələri və s. silsilə tədbirlər keçiriləcək.
***
Kürdəmir RMİ-nin əhatə etdiyi Beyləqan rayonundakı mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” Azərbaycana və dünyaya yüksək ideyalar aşılayacaq” mövzusunda tədbir keçirilib. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründən, o cümlədən 1993-cü ildə müstəqil Azərbaycanı parçalanmaq təhlükəsindən və vətəndaş qarşıdurmasından xilas etməsindən söz açılıb.
Nurəddin Məmmədli