Pravoslav xristianlar tərəfindən yanvarın 7-də qeyd edilən İsa peyğəmbərin mövludu günü – Milad bayramı münasibətilə alban-udi icmasının yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki müqəddəs Yelisey adına “Cotari” kilsəsində mərasim keçirilib.

Kilsənin önündə açılan bayram süfrəsi xüsusilə uşaqların sevincinə səbəb olub. Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilib.

Alban-udi icmasının rəhbəri Robert Mobili Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların yanaşı yaşadığı unikal ölkədir. Bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək üçün şərait yaradılıb: “Qarabağdakı torpaqlarımızda olan müqəddəs irsimiz, alban kilsələri otuz ilə yaxın əsir idi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin sayəsində, nəhayət, biz dini ocaqlarımıza gedə bildik, orada ibadət elədik, şəhidlərimizi yada saldıq, şamlar yandırdıq”.

Robert Mobili bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra digər dini icmalar kimi, alban-udi xristian icması üçün də çox gözəl şərait yaranıb. İndi biz Milad və Pasxa bayramlarını daha geniş və rahat qeyd edə bilirik.

Alban-udi xristian icmasının sədr müavini Rafik Danakari “Cotari” kilsəsinin əsaslı şəkildə bərpasının da tolerantlığa gözəl nümunə olduğunu bildirib. Bundan əlavə, Nic qəsəbəsində yerləşən ən qədim kilsələrdən biri ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunaraq udilərin ixtiyarına verilib.

“Bu gün həmişəki kimi azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri bizimlə bərabər bayram tədbirində iştirak edirlər. Bu kilsələri Azərbaycanda IV-V əsrlərdə bizim atalarımız tikiblər. Bu təkcə udilər üçün yox, Qafqaz Albaniyasında yaşayan bütün xalqlar üçün tikilmiş məbədlərdir. Ona görə ki, bizim Allahımız birdir, bizi yaradan tək Allahdır, biz də tək Allaha qulluq edirik”, - deyə o vurğulayıb.

Çıxışlarda vurğulanıb ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Qeyd edək ki, hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbənin sakinlərinin yarıdan çoxunu alban-udi icması təşkil edir. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

***

Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində də qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki də oxunub. Vurğulanıb ki, Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.

“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqi Budaqov bildirib ki, İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı hər il yüksək səviyyədə qeyd olunur: “Azərbaycanda bütün dinlərin nümayəndələri öz inanclarında azaddırlar. Prezidentimiz dini icmaları daim diqqət mərkəzində saxlayır. Çox sevindirici haldır ki, biz Azərbaycan kimi tolerant ölkədə yaşayırıq. Bütün xristian icmasının üzvlərini bayram münasibətilə təbrik edirəm. Qoy, dünyada həmişə sülh və əmin-amanlıq olsun”.

Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi 1946-cı ildən fəaliyyət göstərir.

***

Gəncədə yerləşən Aleksandr Nevski pravoslav kilsəsində də Milad bayramı keçirilib. Şəhərdə yaşayan pravoslav xristianlar bayramı birgə qeyd ediblər.

Əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Sonra Aleksandr Nevski kilsəsinin dini heyəti İsa peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edib.

Kilsədə şamlar yandırılıb, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxunub.

Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski kilsəsi 1887-ci ildə inşa edilib.